BAKI, 16 iyul. TELEQRAF
Piyadaların keçidlərdən düzgün istifadə etməsi üçün çəpərlənmə işlərinə ehtiyac var. Baş verən qəzaların əksəriyyəti həmin keçidlərin ətrafında baş verir.
Teleqraf xəbər verir ki, bunu "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirədə deyib.
"Bu da bəzi insanların məsuliyyətsizliyindən və "burada kamera, polis yoxdur" düşünüb hərəkət etməsindən irəli gəlir. Bəzi xarici ölkələrdə belə texniki vasitələr olmadıqda dronlarla nəzarət edilir", - o əlavə edib.
Hüquqşünas Ərşad Hüseynov bildirib ki, Azərbaycanda il ərzində 700-800 insan yol-nəqliyyat hadisələrində dünyasını dəyişir.
"Qəzalarda dünyasını dəyişən həmin insanların əksəriyyəti gənclərdir. Belə hadisələrin baş verməsinin səbəblərindən biri odur ki, insanların əksəriyyəti yol hərəkəti qaydalarının nə üçün lazım olduğunu bilmirlər. Qaydaları əzbərləyirlər, amma niyə olduğunu bilmirlər. Qaydaların nə üçün olduğuna dair sürücülərin baxışı dəyişməlidir. Hər şey təhsildən başlayır ", - o əlavə edib.