BAKI, 7 iyul. TELEQRAF
Cari ildə xarici kvalifikasiyaların tanınması ilə bağlı 2138 müraciət üzrə ekspertiza həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2024-2025-ci il tədris ilinə dair hesabatında bildirilib.
Bildirilib ki, ekspertiza nəticəsində 1780 müraciət üzrə müsbət rəy verilib və müraciət edənlərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib.
358 müraciət üzrə isə mənfi rəy verilib və müraciət edənlərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələrin siyahısı:
Türkiyə Respublikası (644), Rusiya Federasiyası (522), Ukrayna (407), Birləşmiş Krallıq (108), Gürcüstan (101).
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:
İstanbul Universiteti (65), Xarkov Milli Daxili İşlər Universiteti (37), Tbilisi Humanitar Tədris Universiteti (34), Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (32), Ukrayna Milli Mülki Müdafiə Universiteti (30).
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ixtisasların siyahısı:
Hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, menecment.