BAKI, 2 iyul. TELEQRAF

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 5-də Aşura Günü münasibətilə qanvermə aksiyaları keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Respublika Qan Bankının həkimi Günel Əliyeva sosial media hesabında deyib.

O bildirib ki, aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunacaq.

"Ən önəmli və qürurverici yenilik isə bu xeyirxah ənənənin ilk dəfə azad edilmiş torpaqlarımızda - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində keçirilməsi olacaq. Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var. Bu, bizim üçün tarixi və çox emosional məqamdır. Hər kəsi Aşura günündə bu nəcib missiyaya qoşulmağa və həyat xilas etməyə dəvət edirik”, - həkim çağırış edib.