BAKI, 1 iyul. TELEQRAF
İlk dəfə olaraq İnternet folkloru mövzusu üzrə filologiya elmləri doktoru diplomu təqdim olunub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.
Bildirilib ki, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Valeh oğlu Quliyev 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə (mövzu: “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı”) filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
Dissertasiya işi təxminən 10 ilə yaxın müddətdə AMEA Folklor İnstitutu ilə AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun birgə elmi əməkdaşlığı çərçivəsində hazırlanıb.
Tədqiqatda bəşəriyyətin inkişafında epoxal dəyişikliklər yaradan informasiya inqilablarının, elmi-texnoloji tərəqqinin sosial-demoqrafik proseslərə təsiri geniş şəkildə araşdırılıb.
Qeyd edilib ki, H.Quliyev Azərbaycandilli virtual folklor mühitinin spesifik xüsusiyyətləri, rəqəmsal folklor resurslarının dinamikası, İnternet folklorunun toplanması, təsnifi və çoxparametrli təhlili kimi prioritet istiqamətlərdə sistemli və ardıcıl elmi-tədqiqat işləri aparıb.