BAKI, 30 iyun. TELEQRAF

Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib.

Teleqraf xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında müvafiq qərar qəbul edilib.

İclasda yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərar iyulun 7-də qüvvəyə minəcək.