BAKI, 21 iyun. TELEQRAF

"Təəssüflə bildiririk ki, "Son zəng" tədbirlərində təlimatın tələblərində nəzərdə tutulmayan müəyyən hallar da müşahidə olunub. Həmin məktəblərin direktorları, sinif rəhbərləri ilə bu barədə söhbət aparılıb, müvafiq inzibati tənbeh tədbirləri görülüb".

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 14-də keçirilən “Son zəng” tədbirlərində 112 000-dən çox məzun, onların valideynləri və yaxınları iştirak edib. Ümumi təhsil müəssisələrinə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib.

"Bununla yanaşı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Agentliyin yerli təhsili idarəetmə bölmələri tərəfindən “Son zəng” gününün təlimata uyğun keçirilməsini, şagirdlərin və tədbirdə iştirak edən bütün şəxslərin təhlükəsizliyini, eləcə də məktəb mühitində nizam-intizamı təmin etmək məqsədi ilə müəssisələrdə monitorinqlər aparılıb.

Tədbirlərin icrasına nəzarət və aparılan monitorinqlər nəticəsində deyə bilərik ki, “Son zəng” tədbirləri ümumi təhsil müəssisələrinə göndərilmiş müvafiq təlimatların tələblərinə, eyni zamanda təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilib.

Təlimatın tələblərinə anlayışla yanaşdıqlarına görə valideynlərə, ictimai asayişin qorunmasını təmin etdiyinə görə Daxili İşlər Nazirliyinin yerli bölmələrinə, eyni zamanda məktəblərin pedaqoji kollektivlərinə təşəkkür edirik.

İctimaiyyəti minlərlə insanın iştirakçılığı ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdə baş vermis azsaylı xoşagəlməz hadisələri ümumiləşdirmədən məktəb və müəllim nüfuzunun qorunmasında dəstək olmağa çağırırıq", - məlumatda qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə “Son zəng” tədbirləri zamanı bəzi məktəblərdə qəribə mahnılar səsləndirildiyini əks etdirən görüntülər yayılıb. Yayılan görüntülərin biri də Sumqayıtda 5 nömrəli tam orta məktəbdə çəkilib. 5 nömrəli tam orta məktəbin məzunları “The Weeknd”in yarı portuqal, yarı ingilis dilində olan “São Paulo” mahnısının sədaları altında təhsil ocağından son dəfə çıxıblar. Lakin bəzi valideynlər sözügedən mahnının tərcüməsini öyrəndikdə şoka düşüblər. Onlar məktəb rəhbərliyini diqqətsizlikdə ittiham edirlər.