BAKI, 17 iyun. TELEQRAF
Azərbaycanlı hacıların ilk qrupu Səudiyyə Ərəbistanından vətənə dönüblər. Ziyarətlərini tamamlayan zəvvarlar AZAL təyyarəsi ilə Mədinədən Bakıya yola düşüblər. Hacıları gətirən təyyarə iyunun 16-da axşamüstü Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Teleqraf-ın əməkdaşı aeroportda hacıları qarşılayan insanlar arasında olub və hacılarla həmsöhbət olub.
Aeroportda Mədinədən gələn təyyarənin eniş edib-etmədiyi ilə maraqlandıq. Dedilər, təyyarə hava limanına çatmaq üzrədir. Yuxarı mərtəbəyə qalxıb təyyarənin enişini izləyə biləcəyimizi bildirdilər. Təyyarə göydən enmək üzrə idi. Ətrafda ziyarətdən qayıdanları yaxınları səbirsizliklə gözləyirdilər. Çoxunun əlində hədiyyə var idi, gül gətirmişdilər. Həyəcanlı görünürdülər. Əlində telefon tutub təyyarənin enişini çəkənlər də az deyildi. Gözləyənlərin aralarında uşaqlar da vardı.

Nəhayət, təyyarə eniş etdi. Əzizlərini gözləyənlərin bəziləri sevincdən, həyəcandan gözyaşını saxlaya bilmirdi.
Təyyarənin endiyini gördükdən sonra hər kəs aşağı mərtəbəyə düşüb hacıları qarşılamağa tələsdi. Onlardan bir neçəsi görünəndə salonda alqış sədaları ucaldı...
Hacılar onları gözləyən yaxınlarının boynuna sarıldılar, uşaqlar atalarının, nənə-babalarının üstünə qaçdılar. Azyaşlı bir qız atasına qaçıb ağlamağa başladı. Ata onu qucağına alıb sakitləşdirdi.
Gül buketi verənlər, şəkil çəkdirənlər, video çəkənlər, səmimi görüşlər, sevinc göz yaşları...
.jpg)
Səfərin neçə keçdiyini onların dilindən öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Həcc ziyarəti işləri üzrə bələdçi Yusif Bağırovla danışdıq. O da gələn ziyarətçilər arasında idi.
Yusif Bağırov dedi ki, bu gün ilk qruplarda 173 nəfər ziyarətdən qayıdıb.
O, səfəri çox gözəl və rahat başa vurduqlarını söylədi.
Bələdçinin sözlərinə görə, həm havanın münasibliyinə, həm də yüksək təşkilatçılığa görə zəvvarlar səfərdən çox məmnun qalıblar:
"QMİ-nin təşkilatçılıq etdiyi Həcc ziyarəti hər il daha yaxşı, daha keyfiyyətlə təşkil olunur, zəvvarların rahatlığı məsələlərinə daha böyük diqqət göstərilir. Bu il əvvəlki illərdən fərqli olaraq, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi müxtəlif ölkələrdən qaçaq gələnlərin qarşısını almaq üçün nəzarəti daha da gücləndirmişdi. Ərafatda çadırların yenilənməsi, qidanın vaxtlı-vaxtında çatdıərılması, nəqliyyatın intensiv işləməsi müsbət hallardan idi".
İran-İsrail müharibəsinə gəlincə, həmsöhbətimiz zəvvarların bununla bağlı heç bir narahatlıq yaşamadığını dedi: "Sadəcə olaraq, hansısa ölkəyə uçuş təhlükə yaradırsa, Beynəlxalq Hava Yolları arasında müəyyən razılıq əldə olunur və uçuşlar digər ölkələr üzərindən həyata keçirilir".
.jpg)
İlk dəfə Həcc ziyarətindən gələn Həmidə Quliyeva deyir ki, 21 günə yaxın müqəddəs duyğular yaşayıb.
Onun sözlərinə görə, qruplar çox yaxşı təşkil olunub: "İstər otellərdə, istərsə də çöllərdə təşkilatçılıq və şərait mükəmməl idi. Həm Ərafat çölündə, həm də Minada yaxşı şərait yardılmışdı. Çöllərdə yatacaqla, qida ilə təmin olunduq, çatdırılma da mükəmməl idi. Belə şəraitlə rastlaşacağımızı düşünmürdük. Bunları sadəcə tərif olaraq demirəm, tam səmimi deyirəm. İstilərlə dəhşətli günlər keçirəciyimizi düşünürdük, amma elə olmadı. Hazırda 46 dərəcə istidən çıxıb 24 dərəcəyə gəlmişik. Amma orada 46 dərəcənin hər hansı fəsadını, çətinliyini hiss etmədik".
Həmidə Quliyeva İran-İsrail münaqişəsinə görə heç bir qorxu keçirmədiklərini söyləyir: "Sadəcə, Azərbaycandan ailələrimizdən zənglər gəlirdi. Onlar narahat idilər. Bəlkə də sosial şəbəkələrdən uzaq idik, ona görə psixoloji təsir də olmadı".
.jpg)
İlk Həcc ziyarətindən qayıdan zəvvar Əlirza Bayramov deyir ki, səfərdən çox razı qalıb və səfər boyu heç bir narahatlıq yaşamayıb. O, yalnız İran-İsrail münaqişələrinə görə səfərdə həyəcan keçirdiyini bildirib.
Digər bir Hacı Xumar Rəhimova isə deyir ki, əvvəl Kərbəla ziyarətinə gedib. Onun sözlərinə görə, səfər əla keçib.
"Münaqişə məsələsi bizə heç bir narahatlıq yaşatmadı", - o vurğulayıb.
Həmsöhbətlərimiz yavaş-yavaş yaxınlarıyla maşına əyləşib dağılışırlar. Müqəddəs səfər bitib, adi həyat başlayır...