BAKI, 13 iyun. TELEQRAF

"Yeni fərmanla müavinət və təqaüdlərin artırılması təmin edilir. Yeni sosial artımlar 1,1 milyon insanı əhatə edəcək".

Teleqraf xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə deyib.

O qeyd edib ki, 2018-2025-ci illərdə Azərbaycanda 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 mlrd. manat təşkil edir.

Nazir müavini ölkə prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan sosial islahat paketi çərçivəsində əməkhaqqı və pensiyalarda edilmiş artımları da diqqətə çatdırıb.