BAKI, 9 iyun. TELEQRAF

Özəl ali təhsil müəssisələrinə 2024-cü ildə ayrılan 9272 plan yeri əvvəlki illə müqayisədə 0.52% (48 yer) çox olub.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent 12” jurnalında qeyd olunub.

Plan yerlərinin 59.03%-i Azərbaycan, 40.97%-i isə hər iki bölmə abituriyentlərinin birgə müsabiqəsi üçün nəzərdə tutulub, rus bölməsi üzrə plan yeri ayrılmayıb.

Plan yerlərinin 14.94%-i birinci, 41.51%-i ikinci, 36.00%-i üçüncü, 5.77%-i dördüncü, 1.78%-i isə beşinci ixtisas qrupuna aid olub. Ötən illərdə olduğu kimi qəbul planının əsas hissəsi (77.51%-i) II və III qrup ixtisasları üçün nəzərdə tutulub.

Özəl ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə qəbul planı dövlət ali təhsil müəssisələrinin müvafiq qrup üzrə qəbul planının 7.58%, IV qrup üzrə 13.12%.

V qrup üzrə 3.84%-nə bərabər olduğu halda, II qrup üzrə 36.45%, III qrup üzrə 27.98%-nə bərabər olub. Bütün qruplar üzrə isə özəl ali təhsil müəssisələrinin qəbul planı dövlət ali təhsil müəssisələrinin qəbul planının 18.87%-i qədər olub.

Sənəd qəbulunun nəticələrinin təhlili göstərir ki, müsabiqədə iştirak edən abituriyentlərin 43.58%-i (26349 nəfər), subbakalavrların isə 53.05%-i (11881 nəfər) öz ərizələrində özəl təhsil müəssisələrinin îxtisaslarını da qeyd edib. Azərbaycan bölməsində özəl təhsil müəssisələrinin ixtisaslarını abituriyentlərin 43.22%-i (23424 nəfər), subbakalavrların 52.08%-i (11271 nəfər), rus bölməsində isə abituriyentlərin 46.72%-i (2925 nəfər), subbakalavrların 80.92%-i (615 nəfər) seçib.

Abituriyentlərin 721-i, subbakalavrların isə 885-i öz ərizələrində yalnız özəl ali təhsil müəssisələrinin ixtisaslarını qeyd edib.