BAKI, 2 iyun. TELEQRAF
Dünən Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyünün uçması nəticəsində bir məhkum ölüb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
"1 iyun saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun 02.06.2025-ci il tarixdə aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib", - deyə qeyd edilib.
Bildirilib ki, hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.
Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.