BAKI, 22 may. TELEQRAF
"Erməni dini dairələri soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində – Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyəti olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olublar".
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qurumun Qazılar Şurasının İrəvan Qazısının Fəaliyyətinin bərpası ilə bağlı mayın 22-də keçirilən iclasında deyib.
QİM sədri bildirib ki, ermənilər Qarabağda Artsax Yeparxiyası, Naxçıvanın adı ilə Rusiyada Novo-Naxçivan Yeparxiyası təsis etmişlər:
"Xristianlıq tarixinə dair saxta mülahizələrlə özlərini əlahiddə icma – dünyada ilk xristianlar kimi təqdim edən ermənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub. Min cür saxtakarlıqlarla başqa xalqların mədəni-mənəvi irsinə sahiblənən Üçmüədzində və Kilikiyada dini mərkəzləri vasitəsilə dünyaya yalan, iftira, qarayaxmalarla dolu müraciətlər yayan, xristian dininin sülh, qardaşlıq, dinc qonşuluq postulatlarından uzaq olan, daima nifaq, düşmənçilik təbliğ edən, xəstə təxəyyülləri naminə revanşizmə və qarşıdurmaya çağıran bir zehniyyətlə qarşı-qarşıyayıq. Erməni yalanlarına inanmaqda maraqlı olan dövlət və dairələr onlara bu işdə dəstək və yardım edirlər".