BAKI, 22 may, TELEQRAF
İslam sivilizasiyasının tarixi məkanlarından olan Qərbi Azərbaycanda da İrəvan Qazılığının yenidən fəaliyyətə başlamalıdır.
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan Qazılığının fəaliyyətinin bərpası ilə bağlı mayın 22-də keçirilən iclasında deyib.
Allahşükür Paşazadə deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azərbaycanın qazandığı Qarabağ Zəfərindən sonra hər bir vətəndaşın qəlbi tarixi ədalətin bərpasına görə daha böyük qürur və iftixarla döyünür.
"Müqəddəs Vətən torpağının işğaldan, məscid və ibadətgahlarımızın əsarətdən qurtulması, əzəli torpaqlarımızda Azan səslərinin ucalması, şəhər və kəndlərimizin yenidən dirçəldilməsi, Böyük Qayıdış Azərbaycan xalqının onilliklərlə sürən nisgilini aradan qaldırdı. Şükürlər olsun ki, Uca Allahın Lütfü və köməyi, möhtərəm dövlət rəhbərimizin öndərliyi ilə xalqımız bu arzularına çatdı. Ulu Rəbbimiz Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin. Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra böyük əhəmiyyət kəsb edən ümdə məsələlərdən biri də mədəni-mənəvi suverenliyimizin təmini, dini-mənəvi müstəvidə ədalətin yerini almasıdır. Məlum olduğu kimi, tarixən dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin əhatə etdiyi mənəvi məkanda – Qafqazda ənənəvi qazılıqlarımız fəaliyyət göstərmişdir. Dini mərkəzə tabe olan qazılıqlar azərbaycanlıların tarixən yaşadığı ərazilərdə xalqımızın dini-mənəvi mənafeləri və ehtiyaclarının ödənilməsini təmin etməklə yanaşı, milli özünüdərk, özünütəsdiq və təqdimatında böyük rol oynamış, xalqımızın mənsub olduğu İslam sivilizasiyasının yüksək səviyyədə təmsilçiliyini həyata keçirilib", - deyə QMİ sədri söyləyib.
O vurğulayıb ki, Azərbaycanlıların indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından mərhələ-mərhələ didərgin salınması, etnik təmizləmə və deportasiyalar qazılıqların fəaliyyətini məcburi dayandırmasına səbəb olub:
"İrəvan-Naxçıvan qazısı olduğum müddətdə - 1978-79-cu illərdə mən indiki Ermənistan ərazisində yerləşən şəhər, kəndlərimizi, oradakı 300-dən yuxarı məscidləri, ziyarətgah və pirləri qarış-qarış gəzmiş, soydaşlarımızla ünsiyyət imkanına malik olmuşam. İndi həmin məkanlarda vəziyyət acınacaqlıdır. Xalqımızı deportasiyalara və soyqırımlara məruz qoyaraq tarixi torpaqlarımızda dövlət yaradan ermənilər həmin ərazilərdə milli-mədəni abidələrimizə qarşı vandalizm aktları törətmiş, dini-mədəni irsimizə təcavüz etmiş, dədə-baba torpaqlarımızda izimizin silinməsi məqsədilə məscidlərimizi dağıtmış, əmlaklarını mənimsəmiş, qəbirstanlıqlarımızı məhv etmişlər. Qərbi Azərbaycan torpaqlarındakı xalqımıza məxsus maddi-mənəvi mədəniyyət nümunələri, məscidlərə məxsus əmlaklar talan edilmiş, nadir Quran nüsxələri, nəfis əlyazmalar xarici ölkələrdə hərraclarda satılmışdır. İrəvanın azərbaycanlılar tərəfindən tikilmiş Cümə məscidinin İran iş adamlarının ziyarəti üçün təmir edilib, fars məscidi kimi təqdim olunması da erməni saxtakarlığının və vandalizminin bariz nümunəsidir. Məscid, ibadətgah binalarına həqarət edərək mənşəyinə uyğun olmayan məqsədlər üçün istifadə etmiş ermənilər bu gün də İrəvanın Təpəbaşı məhəlləsindəki məscidimizin binasında bilərəkdən alkoqol satışı həyata keçirirlər. Halbuki, biz münaqişə davam etdiyi illərdə belə paytaxtımızın ən mərkəzi hissəsində erməni kilsəsinin binasını təmir edərək tarixi-mənəvi abidə kimi qoruyub saxlamış, kitabxanasını mühafizə etmişik. Qarabağda uydurma, dırnaqarası “erməni tarixi-mədəni irsini məhv etməkdə” bizi günahlandıran erməni dairələri Azərbaycanın dini-mənəvi irsinə qarşı həyata keçirdikləri vandalizm aktlarını, barbarlıq əməllərini unudurlar. Bu həqiqətlərin beynəlxalq müstəvidə işıqlandırılması istiqamətində son illər olduqca mühüm addımlar atılır. Monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xəttilə azad Qarabağda bütün dinlərə məxsus ibadət məkanları xüsusi diqqət və qayğı ilə bərpa edilir və yenidən qurulur".
QMİ sədri qeyd edib ki, belə bir şəraitdə Qafqaz Müsəlmanları İdarəsinin tarixi İrəvan Qazılığının fəaliyyətini bərpa etməsi zamanın tələbidir: "Biz Qərbi Azərbaycanda öz milli varlığımızın mənəvi sütununu yenidən dirçəltməliyik. Tarixi ədalət bizdən bunu tələb edir. Bölgənin tarixi-dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi əsrlərə söykənən ənənəvi mənəvi irsin varisi olaraq, tarixi köklərinə istinadən dini-mənəvi mərkəz missiyasını həyata keçirir, statusunu qoruyub saxlayır. Dini mərkəz olaraq, keçmişimizə ehtiram və gələcəyimizə inamla, ənənəvi olaraq Tiflisdə, Batumda, Dərbənddə olduğu kimi, İslam sivilizasiyasının tarixi məkanlarından olan Qərbi Azərbaycanda da İrəvan Qazılığının yenidən fəaliyyətə başlamalı olduğuna əminik. Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevin vurğuladığı kimi: İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq. Qazılar Şurasının hörmətli üzvləri! Bütün bunları nəzərə alaraq, habelə, Qərbi Azərbaycan İcması ilə məsləhətləşərək İrəvan Qazılığının bərpası barədə tarixi əhəmiyyətli qərarımızı elan edir, İrəvan Qazılığının Əsasnaməsini diqqətinizə çatdırır, səsə qoyulmasını təklif edirik".
Sonra qərar səsə qoyularaq qəbul olunub.
Digər qərarla QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov İrəvan qazısı təyin edilib.