​​BAKI, 18 mart. TELEQRAF

Mexanikləşdirilmiş atraksionlar təhlükəli obyektlər olduğu üçün dövlət qeydiyyatına alınmalıdır.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişliyinin rəisi Sahil Mənsimov deyib.

Onun sözlərinə görə, bu qurğular istismara buraxılmamışdan əvvəl texniki sənədləri agentliyə təqdim olunmalıdır. Atraksionun fəaliyyətinə icazəni müfəttişlik verir:

"Bu gün Dənizkənarı Bulvar İdarəsinin balansında olan atraksionlara baxış keçirildi. Monitorinq zamanı onların istismara yararlı olduğu və tibbi müayinədən keçmiş operatorlar tərəfindən idarə edildiyi müəyyən edilib. Sözügedən qurğular zavod istehsalıdır. Qeyri-standart atraksionların istismarına icazə verilmir. Sahibkar bu atraksionlara vaxtında texniki baxış keçirməlidir. Biz həmin atraksionlara texniki nəzarətin təşkil edilməsi üçün dövlət nəzarətini həyata keçiririk",- FHN rəsmisi qeyd edib.