
BAKI, 19 fevral. TELEQRAF
"Tibb işçilərinin ənənəvi işə qəbul prosesində bir sıra maneələr mövcud idi. Bu baxımdan “İşə qəbul” alt sistemi, ənənəvi işə qəbul prosesindən bir sıra mühüm üstünlükləri ilə fərqlənir".
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
O qeyd edib ki, əvvəlki qaydada şəffaflığın zəif olması, bəzi hallarda subyektiv qərarların verilməsinə və qeyri-bərabər imkanların yaranmasına səbəb olurdu.
"Müraciət prosesinin mərkəzləşdirilməmiş və fərqli tibb müəssisələrində müxtəlif qaydalarla aparılması, namizədlər üçün çətinliklər yaradırdı. Sənəd qəbulu və qiymətləndirmənin kağız üzərində aparılması, vaxt itkisinə və səhvlərin baş verməsinə gətirib çıxarırdı. Bundan əlavə, regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin vakansiyalarını lazımi qədər geniş auditoriyaya çatdırması çətin idi, bu da kadr çatışmazlığı problemini daha da dərinləşdirirdi. Ümumilikdə, “İşə qəbul” alt sisteminin tətbiqi dövlət səhiyyə sistemində kadrların seçilməsi və yerləşdirilməsi prosesini daha səmərəli, şəffaf və sürətli etməklə tibb müəssisələrinin kadr ehtiyaclarını daha optimal şəkildə qarşılamağa imkan yaradır”, - Sevinc Məhərrəmova bildirib.