
BAKI, 15 fevral. TELEQRAF
“Müasir dövrdə süni intellekt alətləri müəllimlərə fərdi tədris metodlarını tətbiq etməyə, şagirdlərin bilik səviyyəsini daha dəqiq qiymətləndirməyə və onların ehtiyaclarına uyğun materiallar təqdim etməyə kömək olur”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova “Gənc müəllimlərin IV şəbəkələşmə Forumu”da “Süni intellektin təhsildə tətbiqi” mövzusuna həsr olunan müzakirədə deyib.
O bildirib ki, süni intellekt müəllimləri əvəz etməyəcək, onların fəaliyyətini dəstəkləyəcək: “Əsas məqsəd insan və texnologiyanın harmonik əməkdaşlığıdır. Biz müəllim olaraq, bu texnoloji dəyişikliklərə açıq olmalı, yeni imkanlardan faydalanmalı və onları təhsil prosesinə uğurla inteqrasiya etməliyik. Çünki gələcəyin təhsili yalnız innovativ yanaşmalarla daha səmərəli və əlçatan ola bilər”.
Qeyd edək ki, Forum çərçivəsində “Süni intellekt və etika: Təhsildə dürüstlük və məxfilik məsələləri” və “Rəqəmsal resurslar və süni intellekt: Effektiv təhsil platformalarının inkişafı” mövzularında panel müzakirələr də keçiriləcək.
FOTO: Elnur Muxtar