BAKI, 8 fevral. TELEQRAF

Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci il aralığında (14 il ərzində) 5 yazılı test imtahanı, son 7 il ərzində isə 14 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfədən çox artıb.

Teleqraf xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü illə bağlı yaydığı hesabatında qeyd olunub.

Heabatda, həmçinin bildirilib: "Ötən il Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 15 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. 26.05.2024 və 18.12.2024-cü il tarixlərdə keçirilən ixtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 911 namizəd iştirak edib və 377 nəfər müvəffəqiyyət qazanıb. Eyni zamanda hesabat ili ərzində 148 nəfər şifahi müsahibədə iştirak edib. Bildirmək istərdik ki, bu namizədlərdən 58 nəfərin nəticələri elan olunub və 44 nəfər növbəti mərhələyə keçib, 107 nəfər isə vəkil andı içib. Yekunda vəkillərin sayı artaraq 2503-ə çatıb. 26.05.2024-cü il tarixdə keçirilən imtahanda müvəffəqiyyət qazanmış namizədlərlə isə hazırda şifahi müsahibə davam edir. ARVK-nın sədri Anar Bağırovun Ədliyyə Akademiyasında fevralın 21-də yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 60 vəkilliyə namizədlə, mayın 27-də isə 45 vəkilliyə namizədlə görüşü keçirilib. Görüşdə çıxış edən sədr namizədlərə uğurlar arzulayıb, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirildiyini dilə gətirib.

Kollegiyanın Rəyasət Heyətinin 10.07.2024-cü il tarixli iclasında ARVK üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilib və Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı elektron sistemin təqdimatı olub.

Hazırda ölkəmizdə fəaliyyət göstərən 2503 vəkildən 2003 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2034 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir".