Ötən il əmək qanunvericiliyinə əməl olunmaması ilə bağlı aşkar edilən hüquq pozuntularının təhlili göstərib ki, onların 35,8 faizini əmək müqavilələrinin bağlanmaması və ya onların şərtlərinin yerinə yetirilməməsi, 6,3 faizini əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6,1 faizini əməkhaqqının hesablanması və ya ödənilməsindəki nöqsanlar, 4 faizini texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. təşkil edib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Yeni Azərbaycan Partiyasının yap.org.az saytına müsahibəsində deyib.

O, bildirib ki, iqtisadiyyatın sahələri üzrə bu pozuntular daha çox topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sektorunda (bütün nöqsanların 30,4%-i), yaşayışın təşkili və ictimai iaşə (10,0%), emal sənayesində (6,7%), səhiyyə və sosial xidmət sahəsində (7,2%), tikintidə (15,8%) və s. aşkar edilib.

İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının 91%-i sahibkarlıq subyektlərində baş verib. Eyni zamanda, gecikdirilmiş sosial xarakterli ödənişlərin təxminən 81%-i sahibkarlıq subyektlərinin payına düşüb. İqtisadiyyat sahələri üzrə işçilərə ödənilməsi təmin edilmiş ödənclərin əksəriyyəti emal sənayesinə (18,6%) və tikintiyə (22,6%) aid müəssisələrdə həyata keçirilib.

Naibə QURBANOVA