Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Türkiyənin Kırıkkale şəhərində “Xocalı soyqırımı və erməni gerçəkliyi” mövzusunda konfrans keçirilib. Türkiyə Kamu Çalışanlar Fondunun (TÜRKAV) Kırıkkale şöbəsi tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin və Kırıkkaleyə vilayətinin nümayəndələri, tanınmış elm xadimləri və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Teleqraf.com-un məlumatına görə, tədbirdə professorlar - Əflatun Nemətzadə, Camaləddin Taşkıran və Saleh Sultansoy Xocalı soyqırımı və onun nəticələri barədə iştirakçılara ətraflı məlumat veriblər. Çıxışlarda təcavüzkar Ermənistan dövləti tərəfindən törədilən Xocalı soyqırımı barədə dünya ictimaiyyətinə daha geniş məlumatlar çatdırmağın vacibliyi qeyd olunub.

Tədbir çərçivəsində Azərbaycan səfirliyinin təklifi əsasında Sulakyurt rayonunda “Azərbaycan-Xocalı” adı verilmiş prospektin rəmzi açılışı olub.Səfirliyin əməkdaşı Nadir Cəfərov Türkiyədə “Azərbaycan-Xocalı” adının əbədiləşdirilməsini Xocalı soyqırımı qurbanlarının xatirəsinə göstərilən böyük ehtiram olduğunu bildirib.

O, bu barədə qərarın qəbul olunmasını xalqlarımız və dövlətlərimiz arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib. Mərasimdə Sulakyurt rayon bələdiyyəsinin sədri İsmail Bildik, TÜRKAV Kırıkkale şöbəsinin rəhbəri Murat Buluç və digərləri iştirak ediblər.