ABŞ-ın San Fransisko şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun birgə təşkilatçılığı ilə “Narkotiklərə yox deyək!” devizi altında tədbir keçirilib.

DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə San Fransisko ictimaiyyətinin tanınmış nümayəndələri, burada fəaliyyət göstərən bir sıra ölkələrin baş və fəxri konsulları, müxtəlif qurum və təşkilatların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun fəalları və şəhər sakinləri iştirak ediblər. İki hissədən ibarət olan tədbir bədii hissə ilə başlayıb. Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən Azərbaycan milli musiqisinin nümunələri səsləndirilib. Bəstəkar Vüqar Camalzadənin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - xalq artisti Samir Cəfərovun və əməkdar artist Afaq Abbasovanın, həmçinin populyar müğənni Ayaz Qasımovun çıxışları alqışlarla qarşılanıb.

Növbəti hissədə isə iştirakçılar “Narkotiklərə yox deyək!” sərgisi ilə tanış olublar. Sərgidə azərbaycanlı və xarici sənətkarların narkomaniyaya qarşı mübarizə mövzusunda karikaturaları, heykəltəraşlıq və rəngkarlıq əsərləri nümayiş etdirilib.

Sərginin açılışında baş konsul Nəsimi Ağayev Azərbaycanın, xüsusilə Dövlət Gömrük Komitəsinin narkotiklərə qarşı istər ölkədə, istərsə də beynəlxalq miqyasda aparılan mübarizəyə verdiyi töhfədən, bu səpkidə aparılan təbliğat və maarifləndirmə işinin önəmindən bəhs edib.

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyev Azərbaycan gömrükçülərinin fəaliyyəti və əldə etdikləri uğurlar barədə məruzə ilə çıxış edib. O, narkotiklərdən istifadənin ümumbəşəri bir problem olduğunu söyləyib, buna görə də bu bəla ilə mübarizədə bütün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Q.Əliyev həmçinin bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Narkotiklərə yox deyək!” mövzusunda müxtəlif ölkələrdə keçirdiyi sərgilərdən bəhs edib.

San Fransisko Polis Departamentinin narkotiklərlə mübarizə idarəsinin rəisi Robert Moser, San Anselmo şəhərinin vitse-meri Daq Kelli və ABŞ-ın narkomaniyaya qarşı mübarizə üzrə tanınmış təşkilatı olan D.A.R.E.-nin (Drug Abuse Resistance Education) prezidenti Frank Pequerros çıxış edərək xüsusilə gənc nəslin maarifləndirilməsi üçün belə tədbirlərin keçirilməsinin vacibliyini bildirib, bu istiqamətdə Azərbaycanın beynəlxalq səviyyədə apardığı ardıcıl təbliğat işlərinin təqdirəlayiq olduğunu vurğulayıblar.

Naibə QURBANOVA