
Bakı şaxtalı çovğunu təmkinlə qarşıladı, soyuqlar isə davam edəcək
Yanvar 7-dən başlayaraq ölkə ərazisində, o cümlədən paytaxt Bakıda hava kəskin dəyişib. Güclü küləyin müşayiəti ilə qar yağıb, havanın tempereturu aşağı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığından sonra müvafiq dövlət qurumları qeyri-sabit hava şəraiti ilə bağlı hazırlığı gücləndiriblər.
Nəqliyyatın hərəkətində heç bir problem yoxdur
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ötən gün açıqlama verərək bildirib ki, yanvarın 7-dən 8-nə keçən gecə “Azəryolservis”in bütün texnika biriqadaları iş başında olub: “Mən də onlarla birlikdə olmuşam. Lazım olan ərazilərə duz və qum qarışığı səpilib. Bu dəqiqələrdə bizim xidmət etdiyimiz avtomobil yollarında heç bir problem yoxdur”.
Pünhan Mürsəliyev onu da əlavə edib ki, gecə saatlarında yollarda naşı sürücülər çox olub: “Bakı-Sumqayıt yolunda belə naşı sürücülərin təqsiri ucbatından saysız-hesabsız avtomobillər yollarda qaldı. Texnika həmin ərazilərdə normal çalışa bilmirdi. Dəfələrlə xəbərdar etsək də, naşı sürücülər yenə də yollarda idi”.
“Azəryolservis” rəsmisinin sözlərinə görə, dünən günün birinci yarısında Bakı-Sumqayıt, “Dairəvi-1", Xocasən-Lökbatan yollarının təhlükə olan ərazilərində nəqliyyatın normal hərəkəti təmin olunub: ”Avtomobil yollarında hazırlıqlar görülsə də, sürücülər də ehtiyatı əldən verməməlidirlər. Çünki yağışlı, qarlı hava şəraitində avtomobil yolları sürüşkən olur və bu, baş verən qəzaların sayını artırır".
53 yol qəzası
Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı havalarda baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülərin mənzil başına problemsiz gedib çatması üçün xəbərdarlıq edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, baş verən qəzalara səbəb sürücülərin yol və meteoroloji şəraiti nəzərə almamaları olub: “Yanvarın 8-dən indiyədək paytaxtda 53 yol-nəqliyyat hadisəsi baş verib. Qəzaların hamısı maddi zərərlə nəticələnib”.
Vaqif Əsədov paytaxt sakinlərinə, sürücülərə müraciət edərək deyib ki, yol və meteoroloji şərait mütləq nəzərə alınmalıdır: “Havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların baş vermə ehtimalını artırır. Yol polisi bunu nəzərə alaraq, sürücüləri şəxsi avtomobillərdən az istifadə etməyə və ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırır. Şəxsi avtomobillərdən istifadə edənlərə bildiririk ki, sürücülər mövsümi şinlərdən, imkan çərçivəsində zəncirlə təchiz olunmuş təkərlərdən istifadə etməlidirlər. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə, enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməli, avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə etməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanmasını və onların aydın şəkildə görünməsini təmin etməlidirlər.
Yollarda sürüşmə ehtimalının olduğunu nəzərə alaraq piyadalardan xahiş edilir ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər, valideynlər azyaşlı uşaqların qapalı şəraitdə olmasına diqqət yetirsinlər".
Vaqif Əsədov xüsusi vurğulayıb ki, sürücü və piyadalar hava şəraitindən asılı olmayaraq, “Yol hərəkəti haqqında” qanunun tələblərinə ciddi əməl etməlidirlər. Əks təqdirdə onlar kimliyindən asılı olmayaraq yol polisi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Təcili yardıma müraciətlərin sayında ciddi artım yoxdur
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini Oqtay Şahmalıyev bildirib ki, hava şəraiti ilə əlaqədar əhali ehtiyatlı olsun: “Əgər ehtiyac yoxdursa, insanlar küçəyə çıxmasınlar, xüsusən də yaşlı adamlar belə havalarda ehtiyatlı olmalıdırlar. Onların sümükləri zəif olduğundan yıxılan zaman sümük sınığı ehtimalı daha böyükdür. Vətəndaşlar küçədə buz olan yerdən yox, kənar yerdən hərəkət etsinlər. Daha çox ictimai nəqliyyatdan istifadə məsləhət görülür”.
Oqtay Şahmalıyev son sutka ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərdə böyük artım olmadığını bildirib: “Çağırışlarda elə ciddi artım nəzərə çarpmayıb. Son sutka ərzində 1600-ə yaxın müraciət daxil olub. Onların 35 nəfəri xəsarət alıb. Sutka ərzində 6 avtoqəza baş verib. Nəticədə 8 nəfər zərər çəkib. 12 dəm qazı zəhərlənməsi qeydə alınıb, 6 nəfər xəstəxanaya yerləşdirilib”.
Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 140 təcili tibbi yardım briqadası ilə əhaliyə xidmət göstərir.
“Bəzi metrostansiyalarda sıxlıq var”
“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev havaların kəskin dəyişməsindən sonra yeraltı nəlqiyyatda yaranmış vəziyyətlə bağlı açıqlama verib.
Nəsimi Paşayev Bakı metropolitenin gücləndirilmiş iş rejimində çalışdığını deyib: “Yağan qarın daha çox təsir etdiyi sahə metropolitenin açıq hava şəraitində olan ”Nəriman Nərimanov" elektrik deposunun yollarıdır. Qatarlar səhər saatlarında depodan hərəkət edir. “Bakmil” stansiyası da daxil olmaqla orada yollar yerüstüdür. Həmin yolların işləməsi üçün bütün tədbirlər görülüb, hazırlıqlar tamamlanıb. Qum və duz tədarükü görülüb, bütün ehtimallara qarşı maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Qatarların xəttə çıxmasında və ya geri qayıtmasında hər hansı poblem yaşanmayıb. Stansiyaların giriş-çıxışları əməkdaşlarımız tərəfindən müdəmadi təmizlənir".
Nəsimi Paşayev metroda güclü sıxlıq yaranmadığını deyib: “Metroda o qədər də sıxlıq yoxdur. ”Həzi Aslanov", “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “20 Yanvar” stansiyalarında müəyyən sıxlıq hiss olunur".
Naxçıvana gedən avtobus reysləri təxirə salındı
Naxçıvana gedən sərnişin avtobusları İrandakı kəskin hava şəraiti ilə əlaqədar təxirə salınıb. Bu barədə Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib: “Avtobuslar İranda dağlıq ərazilərdən keçir. Hava şəraiti ilə bağlı həmin ərazilərdən keçən yollar avtomobillərin hərəkəti üçün təhlükəlidir. Buna görə də reysin təxirə salınması barədə qərar qəbul edilib. Avtovağzaldan bildirilib ki, son günlər Beynəlxalq Avtovağzal Kompleksində sərnişin azlığı müşahidə olunur”.
Məhəmməd Abdullayev qeyd edib ki, kəskin hava şəraiti ilə əlaqədar rayonlara gedən sərnişinlərin də sayı azalıb: “Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yolunda dünəndən nəqliyyatın hərəkətində çətinlik yaranıb. Sürücülər alternativ yollardan istifadə edirlər”.
Növbə rəisi qeyd edib ki, hava şəraiti ilə əlaqədar başqa günlərə nisbətən sərnişin sayı azalıb: “Havanın soyuq, yolların buzlu olmasına görə insanlar yola çıxmaqdan ehtiyatlanırlar. Yanvarın 8-də ümumilikdə regionlara 8 min sərnişin yola salınıb. Bu gün isə rayonlara gedənlərin sayı xeyli azalıb”.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi Məhərrəm Səfərli bildirib ki, qarlı-şaxtalı hava Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə hər hansı problem yaratmayıb: “Ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsinə baxmayaraq, hava limanının fəaliyyətində problem yaşanmayıb. Aviareyslərin yola salınması və qəbulu cədvələ uyğun olaraq yerinə yetirilir”.
“Azeriqaz” İstehsalat Birliyi mövsümə tam hazırdır
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəis əvəzi İbrahim Kərbəlayevin sözlərinə görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində qaz təsərrüfatında xeyli işlər görülüb, köhnə boruların yenisi ilə əvəz olunması, istismara yararsız xətlərin dəyişdirilməsi, bir sıra qaz verilməyən kəndlərin qazla təmin edilməsi xüsusilə diqqət mərkəzindədir:"Havaların isti və ya şaxtalı keçməsindən asılı olmayaraq, mənzillərə tələbata uyğun təbii qazın verilişi təmin olunacaq. “Azəriqaz” İstehsalat Birliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə bu gün əhaliyə 2 milyon 514 min kub metr artıq qaz verir. Qurumun qaynar xəttinə heç bir zəng daxil olmayıb. Yalnız sayğacların koda düşmə halları ilə bağlı zənglər daxil olub ki, bunlar da yerli qaz istismar sahələri tərəfindən aradan qaldırılıb."
30 dərəcəyə yaxın şaxta?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti növbəti günlər üçün hava proqnozunu açıqlayıb. Verilən məlumata görə, Bakı və Abşeron yarımadasında yanvarın 10-da hava şəraiti dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi arabir güclənəcək.
Gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə dumanlı olacağı gözlənilsə də, cənub bölgəsində arabir yağıntılı olacağı ehtimalı var.
Bölgələrdə cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
İlhamə