Bu il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Azərxalça” ASC, “Kapital Bank” ASC, “Qırmızı ürəklər” (Red Hearts) Fondu və “Mcdonalds”ın birgə tərəfdaşlığı ilə “Hər şey mümkündür” layihəsinin həyata keçirilməsində iştirak edib. Layihə çərçivəsində uşaqlar üçün təşkil olunan ustad dərsləri “Azərxalça” ASC-nın İçərişəhərdə yerləşən nümayiş salonunda keçirilib. Cəmiyyətin xüsusi qonaqları xalçalarla tanış olub, toxuma prosesində iştirak ediblər və daha sonra yaradıcı qrupun nəzarəti altında milli xalça naxışlarını öz təxəyyüllərinə uyğun boyayıblar.
Bu barədə Teleqraf.com-a “Azərxalça”dan məlumat verilib.
Bildirilir ki, həyata keçirilən bu layihə daun sindromlu uşaqların sosial reabilitasiyasına töhfə verir. Daun sindromlu uşaqların bacarıq və iradələrinin nümayiş olunması üçün nəzərdə tutulan layihənin onlarda pozitiv əhval-ruhiyyə yaratmaq və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyəti çox mühümdür. Layihə çərçivəsində benefesiarlara müxtəlif istiqmətlərdə master-klasslar (qurama, modellik, inkluziv rəqs, rəsm və gil sənəti ilə bağlı) həyata keçirilibdir. Məqsəd bu kateqoriyadan olan uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə dəstəyin göstərilməsidir. Gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək olmaq layihənin əsas kompanentlərindən biridir.
Bu dəfə xalça dünyasına səyahət edən daun sindromlu uşaqlarda xalça toxumaq, ornamentləri boyamaq və rəngli saplarla oynamağın, xalçaların sirli sehrli rənglərinin də əslində çox yaxşı reabilitasiya üsulu olduğunu vurğulamaq yerinə düşər. Xüsusilə pandemiya dönəmində bir çox reabilitasiya mərkəzlərinin fəaliyyətinin dayandırılması ilə uzun müddət evdə qalan uşaqlar üçün təşkil olunan tədbir çox faydalı olmaqla yanaşı, maraqla qarşılanıb.
Dünyada bütün uşaqların qayğıya və diqqətə ehtiyacı var. Lakin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla ilin hər günü maraqlanmaq vacibdir, onlar planlı və peşəkar şəkildə köməyə ehtiyac duyurlar. Daun sindromlu uşaqlar xüsusi bir təlimlə normal fərd kimi cəmiyyətə qatılıb peşə sahibi ola bilər.
Məlumat üçün bildirək ki, bu gün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində “Azərxalça” ASC bu tədbirləri il ərzində davam etməyi planlaşdırır.