Bu yaxınlarda Bakı Dövlət Universitetinin tələbələri universitet binasından “Pulsuz təhsil” sözləri yazılmış plakat asmışdılar və məsələnin araşdırılacağı bildirildi. Ötən gün isə Tibb Universitetinin dörd tələbəsi dərsdə ağ xalat geyinmədiyinə görə töhmət aldığı xəbəri yayılıb. Tələbələr hansı hallarda cəzalandırıla bilər?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a açıqlama verib.
Kamran Əsədov bildirib ki, “Təhsil haqqında” qanun və digər normativ hüququ aktlara görə hər bir təhsil müəssisəsinin özünün daxili nizam-intizam qaydaları var: “Burada ali məktəbin, təhsil alan və təhsil verənin öhdəlikləri öz əksini tapır. Tərəflərdən biri bu qaydalara riayət etmədikdə universitetin daxili nizam-intizam qaydaları pozulur. Bu zaman həmin şəxslərə xəbərdarlıq, töhmət, şiddətli töhmət verilə və sonuncu xəbərdarlıqdan sonra müəssisədən uzaqlaşdırıla bilərlər.
Təhsil müəssisəsində tədrisin gedişinə mane olan hərəkətlər edilərsə, bu zaman tələbələr cəzalandırılmalıdır”.
Ekspert qeyd edib ki, tələbələr əvvəlcə məlumatlandırılmalıdırlar: “Qanunvericiliyə görə, cəzanın bir neçə növü var. Tələbələr təhsil müəsisəsinə qəbul olunanda müqavilə imzalayırlar. Universitetin, fakültənin görünən yerində tələbələrin hüquq və vəzifələri qeyd olunur. Təəssüf ki, bəzi universitetlərimizdə bu yoxdur”.
Kamran Əsədov bildirib ki, təhsil müəssisəsinin nizamnaməsində geyimlə bağlı qayda qeyd olunubsa, tələbələr buna əməl etməlidirlər: “Tələbənin dərsə xalatla gəlib-gəlməməsi tədrisin gedişinə, keyfiyyətinə nə qədər təsir göstərir? Necə ki hüquq-mühafizə orqanlarında işləyənlər işə formada gəlmirlərsə, bu, qanun pozuntusu hesab olunur. Gələcəyin həkimləri də indidən bunu əməl etməlidirlər. Düşünürəm ki, dərhal töhmət vermək yox, səbəbi aydınlaşdırmaq lazım idi. Bəlkə həqiqətən xalatı yoxdur, korlanıb, yaxud yuyulma mərhələsindədir?”
Ekspert fikrincə, təhsil müəssisələri tələbələrlə ortaq məxrəcə gəlinməlidir: “Tələbələrimizlə xoş davranmalı, onların şəxsiyyətini alçaltmamalı, psixoloji gərginlik yaratmamalıyıq. Təəssüflər olsun ki, bəzi təhsil müəssisələri buna diqqət yetirmirlər”.
Kamran Əsədov BDU tələbələrinin plakat asmasına da münasibətini bildirib: “Universitetdə dərsin gedişatına nə qədər mane olub, dəqiq deyə bilmərəm. Bildiyim qədərilə heç kəs haqqında hər hansı cəza tədbiri görülməyib.
Etiraz və fərqli fikir varsa, həmin mövzuda müzakirə aparla bilər, bu, normaldır. Ola bilər, tələbələr iradlarında haqlıdırlar, hansısa bir məsələnin hüquqi yolla həllinə nail ola bilmirlər.
Tələbənin öhdəliyi var - 4 il ərzində dövlətin tələb etdiyi kadr kimi formalaşmaq. Keyfiyyətli təhsil almaq hüquqdur, dərsə davamiyyət öhdəlikdir. Onlar pulsuz təhsillə bağlı plakat açıblar. Amma BDU-da 60 faziə qədər tələbə onsuz da pulsuz təhsil alır. Plakatın mənasını başa düşmək lazımdır.
Universitet rəhbərliyinin qəbul günləri var. Müraciət ediblərmi, fikirləri, təklifləri nəzərə alınmayıbmı? Bu mərhələləri mütləq keçmək gərəkdir”.