“İyun ayında tədris ili bitdikdən sonra buraxılış imtahanının 2-ci mərhələsi keçiriləcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, buraxılış imtahanı bitdikdən 2 gün sonra nəticələr açıqlanacaq: "Nəticələr bəlli olduqdan sonra kolleclərə keçid balları müəyyən ediləcək".

DİM sədri bildirib ki, orta ixtisas məktəblərinə 9-cu sinif üzrə buraxılış imtahanlarının 1-ci mərhələsinin nəticələri 1 aydan sonra həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək: “Hətta ekspertlərin rəyləri də şəxsi səhifədə yerləşdiriləcək. Yeni qaydalara görə, imtahan nəticələri yalnız balla yazılacaq. Mənfi, ya müsbət, yaxşı və pis nəticə göstərməsi orada qeyd olunmayacaq. İlk dəfə olduğuna görə hələlik elə bir məhdudiyyət qoymamışıq ki, 1-ci mərhələdə 0 bal toplayan 2-ci mərhələdə iştirak etməsin və yaxud kolleclərə sənəd verməsin.

İmtahanın nəticələrinə görə, 1 və 2-ci mərhələdə toplanan ümumi bal 100 olacaq. 2-ci mərhələdə ənənəvi qapalı testlərlə şagird 70 bal toplaya bilər. İmtahanda hansı qiyməti almasından asılı olmayaraq, şagirdə attestat veriləcək. İmtahanın nəticələrinə əsasən, şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər”.

Məleykə Abbaszadə qeyd edib ki, sınaq imtahanları keçirməyə maddi imkan olmadığından artıq yazılı sınaq imtahanları olmayacaq.

O deyib ki, 9-cu sinif buraxılış imtahanlarının birinci mərhələsi 2017-ci ilin fevralın sonu, mart ayının əvvəllərində aparılacaq: "İlk imtahan Bakıda olacaq. Sonra ölkə üzrə 3 istiqamət müəyyənləşib ki, DİM bu istiqamətlər üzrə imtahanları aparacaq. 3 həftə ərzində imtahanların ilkin mərhələsinə yekun vurulacaq. İmtahanlar martın sonuna qədər yekunlaşacaq. İkinci mərhələ tədris bitəndən sonra 4 istiqamət üzrə həyata keçiriləcək".

Məleykə Abbaszadə qeyd edib ki, imtahanlarda ikinci mərhələdə qapalı testlər olacaq və onların nəticələri dərhal yoxlanılacaq: "Nəticələr 3-4 gün ərzində ictimaiyyətə təqdim olunacaq. İkinci mərhələ başlamamışdan öncə təxminən may ayının əvvəlində birinci mərhələnin nəticələri elan olunacaq. Hər şagirdin işi və nəticələri onun öz səhifəsində yerləşdiriləcək".

Məleykə Abbaszadə əlavə edib ki, 11-ci sinfin buraxılış imtahanı ötənilki qaydada iyun ayında keçiriləcək: "Birinci mərhələ yalnız 9-cu sinfin buraxılış imtahanlarına şamil ediləcək. 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil də var. Lakin bu il 9-cu siniflərin buraxılış imtahanları yalnılz Ana dili və Riyaziyyatdan olacaq. Gələn ildən ola bilsin, 9-cu sinfin də buraxılış imtahanlarına 3-cü fənn kimi xarici dil daxil edilsin. Hazırda bununla bağlı müzakirələr elmi müstəvidə aparılır və sonda yekun qərar veriləcək".

İlhamə ƏBÜLFƏT