BAKI, 9 noyabr. TELEQRAF

Prezident İlham Əliyevin şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə Xankəndi şəhərində, Zəfərimizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən xalqa müraciət etməsi tarixi məna daşıyır. Vaxtilə separatizmin mərkəzinə çevrilmiş Xankəndidən qalib dövlətin başçısının səsləndirdiyi sözügedən müraciət Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının, milli iradəmizin təntənəsinin ifadəsidir.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, Prezidentin illər öncə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı 2023-cü il sentyabrın 20-də Xankəndidə tarixi təsdiqini tapdı. Xalqımızın haqq mübarizəsi məhz həmin gün dövlət suverenliyimizin bütün ərazilərimizdə tam bərpası ilə məntiqi yekununa çatdı. Vaxtilə separatçıların yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması xüsusi rəmzi məna daşıyır. Zəfər Muzeyinin yaradılması Azərbaycanın tarixi ədaləti bərpa etməsinin, separatizmə birdəfəlik son qoymasının və dövlət suverenliyini bütün ərazilərində təmin etməsinin rəmzi ifadəsidir.

44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər Möhtərəm Cənab Prezident İlham Əliyevin siyasi qətiyyətinin, prinsipial mövqeyinin, mürəkkəb beynəlxalq şəraitdə milli maraqlarımızı ardıcıl müdafiə etməsinin, uzun illər həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadi potensialın, ordu quruculuğunun və xalqımızın milli həmrəyliyinin nəticəsidir.

Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi peşəkarlıq, hərbi qüdrət və yüksək mənəvi ruh düşmənin illərlə qurduğu müdafiə istehkamlarını darmadağın etdi. Azərbaycan Ordusunun 300-dən artıq yaşayış məntəqəsini işğaldan azad etməsi və noyabrın 8-də Şuşada qazandığı tarixi Qələbə müharibənin gedişində həlledici dönüş yaratdı.

Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılması Azərbaycanın hərbi Zəfərinin siyasi müstəvidə təsdiqi oldu”.

Deputat bildirib ki, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror əməliyyatları Qarabağda separatizmə birdəfəlik son qoyuldu:

“Azərbaycanın konstitusiya quruluşu və dövlət suverenliyi bütün ərazilərimizdə bərpa edildi. Bununla da ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş uzunmüddətli təhdidlər aradan qaldırıldı və regionda yeni siyasi reallıqlar formalaşdı.

İşğal dövründə dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulması, milli-mədəni irsimizin bərpası, müasir infrastrukturun yaradılması və Böyük Qayıdış Proqramının həyata keçirilməsi dövlətimizin qüdrətinin növbəti təzahürüdür. Doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz və layiqli yaşayış şəraitinin təmin edilməsi dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzur dirçəlişin, quruculuğun və davamlı inkişafın məkanına çevrilməkdədir.

Zəfərimizin ən mühüm mənəvi dayaqlarından biri xalqımızın milli birliyi və azərbaycançılıq məfkurəsidir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq ideologiyası müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımızı vahid Vətən, ortaq milli maraqlar və dövlətçilik amalları ətrafında birləşdirir. Vətən müharibəsi bir daha sübut etdi ki, xalqımızın həmrəyliyi və dövlətinə sədaqəti Azərbaycanın ən böyük güc mənbələrindəndir”.

Günay Ağamalı vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində milli maraqlarını qətiyyətlə müdafiə edən qalib dövlətdir:

“Qarşımızda duran əsas məqsəd tarixi nailiyyətlərimizi qorumaq, dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırmaq, gələcək nəsillərə təhlükəsiz, firavan və güclü Azərbaycan miras qoymaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər xalqımızın yenilməz iradəsinin, milli ləyaqətinin və dövlətçilik əzminin əbədi təntənəsidir”.