BAKI, 2 iyul. TELEQRAF

Səhiyyə müəssisəsi “Baku Central Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) əmək qanunvericiliyini pozmaqda ittiham edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müəssisədə yoxlama aparılıb.

Məlum olub ki, A. A. MMC-də qanunsuz olaraq işdən çıxarılıb və bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə şikayət edib.

Şikayətçinin Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciətindən görünür ki, əmək müqaviləsi bağlanmadan o, Central Hospital tibb müəssisəsinə işə götürülüb.

Həmçinin əmək haqqı və məzuniyyət ödənişləri gecikdirilib və tam ödənilməyib. Buna görə də psixoloji təzyiqə məruz qalaraq işdən ayrılıb. O, əmək qanunvericiliyinin pozulması ilə bağlı yoxlama aparılmasını xahiş edib.

Vətəndaşın şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “Baku Central Hospital” MMC-yə şikayətlə bağlı məktub ünvanlanıb. Sənədlərin 7 iş günü ərzində tam və düzgün təqdim edilməsi tələb edilib. Amma klinikanın məsul şəxsləri tələb olunan sənədləri təqdim etməyiblər.

Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati protokol yazılıb.

“Baku Central Hospital” MMC-nin nümayəndəsi izahatında bildirib ki, Əmək Müfəttişliyi Xidmətinin tələb etdiyi sənədlərin bir hissəsi müəyyən edilmiş müddətdə tam təqdim edilməyib: “Bunun səbəbi isə müvafiq bank qurumu tərəfindən bank çıxarışlarının gec təqdim olunması ilə bağlı olub. Nəticədə sənədləri vaxtında əldə etmək mümkün olmayıb”.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC 2 min manat cərimə edilib.

İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən təyin edilmiş inzibati cərimə şərti olaraq tətbiq olunub.

MMC tərəfindən hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilib və izah edilib ki, 10 gün müddətində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir.

Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.