BAKI, 6 may. TELEQRAF

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan-Qazaxıstan: Mədəniyyətlərin Dialoqu” adlı sərginin açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri və tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova sərginin iki ölkə arasındakı mədəni bağların güclənməsində mühüm rol oynadığını vurğulayıb:

“Ekspozisiyada Qazaxıstan təsviri sənətinin görkəmli nümayəndələrinin 30-a yaxın əsəri təqdim olunur. Bu sərgi bizə bəşəriyyətin harmoniyasını, sivilizasiyaların transformasiyasını dərindən anlamağa imkan verir. İnanıram ki, avqustun 31-nə qədər davam edəcək bu layihə hər kəsdə zəngin təəssürat yaradacaq”.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sərginin hazırlanma prosesindən və muzeylər arasındakı əməkdaşlıqdan söz açıb:

“2024-cü ildə Qazaxıstanın A. Kastayev adına Dövlət İncəsənət Muzeyi ilə imzaladığımız Anlaşma Memorandum bu işin təməlini qoydu. Muzeyimizin kolleksiyasında qazax rəssamlarına məxsus 8 dəyərli nümunə, o cümlədən A. Kastayevin özünün nadir əsərləri qorunub saxlanılır. Bu sərgi həm də elmi araşdırmalar və fondlarımızın yenidən kəşfi baxımından böyük əhəmiyyət kəsb edir”.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel isə çıxışında sərginin təşkilinə görə hər iki ölkənin Mədəniyyət nazirliklərinə təşəkkürünü bildirib:

“Muzeylərimiz arasındakı uğurlu tərəfdaşlıq sayəsində Qazaxıstanın seçilmiş sənət inciləri Bakıda nümayiş olunur. Bu cür tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır”.

Qeyd edək ki, sərgi çərçivəsində nümayiş olunan əsərlər türk dünyasının ortaq dəyərlərini və qardaş ölkənin incəsənət tarixini özündə təcəssüm etdirir.