Prokurorluq orqanlarına məxsus kriminalistik avadanlıqlarla təmin edilən avtomobillər operativ nəqliyyat vasitələri hesab ediləcək, onlara xüsusi işıq və səs siqnallarından istifadə hüququ veriləcək.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi “operativ nəqliyyat vasitələri” anlayışının yeni redaksiyada genişləndirilməsini nəzərdə tutur.

Belə ki, hazırda qüvvədə olan qanuna görə, operativ nəqliyyat vasitələri yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.

Təklif edilən dəyişikliyə əsasən, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger funksional rabitəsi orqanının tapşırıqlarının yerinə üzrə səlahiyyətli yetirilməsi, minatəmizləmə fəaliyyəti qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin həyata keçirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Respublikasının ali Azərbaycan vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası, poçt rabitəsinin milli operatoruna məxsus olan və poçtun daşınmasında istifadə edilməsi, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək təxirəsalınmaz hadisə yerində prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər operativ nəqliyyat vasitələri hesab ediləcək.

Bu dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib.

Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir.

Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.

Qeyd olunan dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək.

Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.