BAKI, 23 mart. TELEQRAF

ABŞ və Ukrayna arasında müharibənin başa çatdırılması istiqamətində danışıqlar davam edir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna və ABŞ nümayəndə heyətləri Floridada keçirilən danışıqların ikinci gününü başa çatdırıb. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əsas məqsəd dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinə son qoymaq yollarını tapmaqdır.

Danışıqlarda Rusiya nümayəndələri iştirak etməyib. Onların əvvəlcə görüşə qatılması gözlənilsə də, sonradan bu baş tutmayıb.

ABŞ nümayəndə heyətinə prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner rəhbərlik edir.

Zelenski qeyd edib ki, hazırda ABŞ-nin diqqəti əsasən İran və regiondakı vəziyyətə yönəlsə də, Ukraynadakı müharibə də dayandırılmalıdır.

O, həmçinin yaxın vaxtlarda hərbi əsirlərin mübadiləsinin mümkün ola biləcəyini bildirib və bunu diplomatiyanın işlədiyinin göstəricisi kimi qiymətləndirib.

Ukrayna lideri müttəfiqləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb, xüsusilə sanksiyalardan yayınmaq üçün istifadə olunduğu iddia edilən “kölgə donanması”na qarşı tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda qeyd olunub ki, ABŞ İranla bağlı müharibənin yaratdığı enerji çatışmazlığı fonunda Rusiya neftinə tətbiq edilən bəzi sanksiyaları müvəqqəti yumşaldıb, Avropa ölkələri isə belə addım atmayıb.

Bununla yanaşı, ABŞ-nin təşviq etdiyi sülh planına Ukraynada prezident seçkilərinin keçirilməsi və müəyyən ərazi güzəştləri də daxildir. Zelenski isə bildirib ki, təhlükəsizlik təminatları və ən azı iki aylıq atəşkəs əldə olunarsa, ölkə seçkilərə hazır ola bilər.

Ukraynanın sabiq baş komandanı, hazırda Böyük Britaniyada səfir və potensial prezident namizədi kimi göstərilən Valeri Zalujnı isə seçkilər üçün fasiləyə ehtiyac olmadığını qeyd edib. Onun sözlərinə görə, Ukraynaya lazım olan əsas məsələ müharibədə qazanılacaq sülhdür.