BAKI, 12 noyabr. TELEQRAF

8 Noyabr Zəfər Günü münasibətilə keçirilən hərbi parad 44 günlük müharibənin rəmzi xatirəsi, beş il əvvəl qazandığımız tarixi qələbənin siyasi, mənəvi və dövlətçilik gücünün təcəssümü idi. Paradda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı Azərbaycan dövlətçiliyinin ideoloji məğzini, müstəqil siyasətimizin prinsipial dayaqlarını, milli birliyimizin qırılmaz təməlini əks etdirən tarixi bəyanat idi.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O qeyd edib ki, ölkə başçısının çıxışının ən təsirli məqamlarından biri, Şuşa Bəyannaməsindən bu günə qədər uzanan Türkiyə-Azərbaycan müttəfiqliyinin qardaşlıq zirvəsində nümayiş etdirilməsi idi: “Müharibənin ilk saatlarından etibarən Türkiyə Cumhurbaşkanı Cənab Rəcəb Tayyib Ərdoğanın siyasi və mənəvi dəstəyini minnətdarlıqla xatırladan Cənab Prezident İlham Əliyev münasibətlərimizi tarixi və dini qardaşlıqla, ortaq mübarizə və qələbə ruhu ilə dəyərləndirdi.

Eyni zamanda, Azadlıq meydanında ilk dəfə Pakistan hərbçilərinin addımlaması, üç ölkənin Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyinin dünyaya nümayişi idi. Bu birlik hərbi güc, sülh, ədalət və beynəlxalq həmrəyliyin yeni modeli kimi tarixə düşdü.

Azərbaycan, Türkiyə və Pakistan keçən müddət ərzində etibarlı və sarsılmaz təhlükəsizlik çətiri formalaşdırmağı bacarmışdır. Hansı ki, bir çox hərbi dairələr bu gücə həsədlə yanaşır və çəkinir. Rəsmi Bakı və Ankara son Pakistan - Hindistan qarşıdurmasında böyük qətiyyətliliklə İslamabadın haqlı mövqeyini müdafiə etdi, dəstəyini əsirgəmədi. Məhz həmin qardaşlıq bağlarının təcəssümünü məhz paradda müşahidə etdik.

Deputat bildirib ki, dövlət başçımız çıxışında Zəfərin təsadüf deyil, strateji uzaqgörənliyin, ardıcıl siyasətin və xalq-iqtidar birliyinin nəticəsi olduğunu vurğuladı: “Bu fikirlər bir daha göstərdi ki, Azərbaycan 30 ilə yaxın davam edən işğal dövründə milli iradəsini itirmədi, diplomatik səbrini, iqtisadi gücünü və siyasi müstəqilliyini qorudu. Cənab Prezidentin 2003-cü ildə dediyi “Nəyin bahasına olursa-olsun, biz doğma torpaqlarımızı azad edəcəyik” sözləri 2020-ci ildə Zəfərlə gerçəkləşdi.

Azərbaycan bu illər ərzində iqtisadi müstəqilliyini təmin etdi, ordu quruculuğuna xüsusi önəm verdi, beynəlxalq aləmdə öz səsini ucaltdı. Sistemli siyasət nəticəsində müharibə meydanında qazanılan Zəfər diplomatiyada da davam etdi”.

Günay Ağamalı hesab edir ki, Prezidentin çıxışında ən mühüm vurğulardan biri xalq-iqtidar birliyinin və vətənpərvər gəncliyin rolu idi: “44 gün ərzində əsgərindən zabitinə qədər hər kəsin “Qarabağ Azərbaycandır!” ruhu ilə döyüşməsi dövlət və xalq birliyinin ən parlaq təzahürü oldu. Bu gün həmin birlik “Böyük Qayıdış” proqramı çərçivəsində yeni məzmunla zənginləşir. Azad edilmiş torpaqlarda tikilən evlər, məktəblər, sənaye müəssisələri, on minlərlə insanın qayıdışı zəfərin davamı, xalqın dövlətimizə inamının təcəssümüdür.

Ölkə başçımızın çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan dövləti torpaqlarını azad etməklə yanaşı, eyni zamanda tarixi ədaləti, milli ləyaqəti və beynəlxalq hüququ bərpa etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı dalğalanırsa, bu, müstəqil dövlətin və qalib xalqın əbədi iradəsinin nəticəsidir.

Cənab Prezidentin “Azərbaycan qalib dövlət kimi əbədi yaşayacaqdır” fikri, əslində, gələcək nəsillərə verilmiş strateji mesajdır. Qarabağ Azərbaycandır reallıq və əbədiyyət kimi tariximizə qızıl hərfıərlə yazıldı”.