BAKI, 5 iyun. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Elxan bəy, Ukraynanın Rusiyaya qarşı son iki “Hörümçək toru” və Krım körpüsü əməliyyatı müharibənin gedişinə necə təsir göstərəcək? Hazırda müharibə gedə-gedə tərəflər aktiv danışıqlar aparır və əməliyyatlar masadakı müzakirələrə təsir edə bilərmi?
- Bu məsələlərlə bağlı pessimist proqnozlar var. Müharibənin bu il də davam edəcəyini zənn edirəm. Çünki tərəflərin mövqeyində 180 dərəcə fərq var. Rusiya deyir, mən işğalı rəsmiləşdirmək istəyirəm, Ukrayna da haqlı olaraq mən buna gedə bilmərəm deyir. Bu şəraitdə danışıqlardan nəticə gözləməyə dəyməz.
Buna rəğmən çox maraqlı proses gedir. Müharibə ilə paralel tərəflər arasında danışıqlar da davam edir. Danışıqlarda daha çox humanitar, yəni əsirlərin və meyitlərin dəyişdirilməsi kimi məsələlər həll olunur. Konseptual məsələlər isə bu danışıqlarla həllini tapmayacaq. Çünki Rusiyanın mövqeyində dəyişən bir şey yoxdur.
Üstəgəl ötən gün Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bəyan etdi ki, “son hadisələrə görə Ukraynadan intiqam alacağıq”. Bu mövqeyini ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı da ifadə etdi. Nə qədər ki, Putin Rusiya prezidentidir, istədiyini almayana kimi müharibə dayanmayacaq. İstədiyini isə ala bilmir.

- Kreml sahibinin əsas istəyi nədən ibarətdir?
- Ukraynanın 4 bölgəsi olan Xerson, Zaporojye, Luqansk və Donetskinin administrativ sərhədlərinə işğalçı qoşunlar hələ çıxa bilməyib. Bu da Putini həddindən artıq qəzəbləndirir. Amma Kreml rəhbəri yeni bir problemlə də üzləşəcək.
- Hansı problemlə?
- Rusların Böyük vətən müharibəsi adlandırdığı savaş 4 il (1941-1945-ci illər) çəkdi. Rusiya-Ukrayna müharibəsi isə artıq 4-cü ildir ki, davam edir. Müharibə dayanmasa, gələn il 5-ci ilinə keçəcək və belə çıxacaq ki, bu, rusların Böyük vətən müharibəsi adlandırdığından uzun vaxt aparır. Bu isə Rusiya cəmiyyətində narazılığın artmasına səbəb olacaq.
Ukraynanın son həmlələri də Rusiya cəmiyyətində narazılıq yaradıb ki, müharibə artıq rusların evlərinə çatıb. Putin müharibəyə başlayanda rus ordusunun generalları onu inandırmışdı ki, Ukraynanın paytaxtı Kiyevi bir həftəyə götürəcəyik. Amma bu alınmadı. II Dünya müharibəsinin gedişində nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandiri Hermann Göring Adolf Hitleri inandırmışdı ki, müharibəyə başlasaq, düşmən təyyarələri alman hava məkanına girə bilməyəcək.
Müharibə başlayandan bir müddət sonra isə Böyük Britaniya və ABŞ hərbi təyyarələri Berlinlə yanaşı, Almaniyanın bütün şəhərlərini bombalayırdı. Nasist Almaniyasının məğlubiyyətində bu amillərin də rolu çox oldu. Çünki nasistlərin hərbi zavodları hava hücumları nəticəsində dağıldı və iki cəbhədə müharibə aparmağa çətinlik yaratdı. Putin indi eyni aqibəti yaşayır. 2022-ci ilin fevralında Ukraynaya hücumla bağlı düyməyə basanda yəqin ki, onun generalları da nasist generalları kimi Putini inandırıblar ki, məsələ qısa müddətdə həll olunacaq.

- 4-cü ildir davam edən müharibə rusların özü üçün hansı perspektivlər vəd edir?
- Yenə də II Dünya müharibəsi ilə bir müqayisə aparmalı olacayıq. Həmin vaxt nasist qoşunları Sibirə gedib çatmamışdılar. Stalinqradda, indiki Volqaqradda ilişib qalmışdılar.
Ukrayna isə Rusiyanın Murmansk, Sibir şəhəri olan İrkutska zərbələr endirir. Bu, rus cəmiyyətində qorxu və narazılığı bir qədər artıracaq. Çünki ruslar hesab edirdi ki, Putin bir həftəyə məsələni həll edəcək və qələbə çalınacaq. İndisə müharibə rusların evinə daxil olur.
- Son həmləsi Ukraynaya nə qazandıracaq?
- Kiyevin son həmləsi ilə Rusiya hərbi hava qüvvələri təyyarəsinin 30-40 faizini itirib. Bu, həm Putin, həm də rus cəmiyyətinin imicinə çox böyük zərbədir. Fikrimcə, tərəflər arasında danışıqlar davam etsə də, yekunda sülh əldə olunmayacaq.

- Sizin də qeyd etdiyiniz kimi, Trampla Putin arasında telefon danışığında Kreml rəhbəri cəzadan dəm vurub. Bu, necə ola bilər? Rusiyanın əlində nüvə silahından başqa hansı imkanlar qalıb?
- İndi rus rəsmiləri çox guruldayırlar. Əgər əllərində nəsə gizli bir silah olsaydı, 4 ildə ondan istifadə edərdilər. “Oreşnik” raketlərini ortaya atdılar. Bu raketlər isə səhv yerləri vurur, hədəfə çatmır. Amma ona qədər bu raketlərlə qürrələnirdilər.
Ukrayna müharibəsindən qabaq Putin beynəlxalq aləmə elan etmişdi ki, Rusiya dünyanın ən müasir tankını istehsal edir. Bunu haradasa 15 il qabaq hərbi paradda nümayiş etdirdilər, adını da “Armada” qoymuşdular. İddia edirdilər ki, bu tank toxunulmazdır və sair.
Ukrayna müharibəsində isə heç kim rusların “Armada” tankına rast gəlməyib. Məlum olub ki, Putini Rusiyanın hərbi sənaye kompleksinin rəhbərliyi aldadıb. Yəni, belə tank istehsal edilməyibmiş. Sadəcə bir-iki dənəsini istehsal edib, paradda göstəriblər və bununla da məsələ bitib.
Rusların əlində güclü silah olsaydı, istifadə edib Ukraynanı məğlubiyyətə uğradardılar. Nüvə silahına əl atmağın məsuliyyətini isə Putin başa düşür. Nüvə silahından istifadə Putinin və rus cəmiyyətinin sonunu gətirər.

- Nüvə silahından istifadənin əks-effekti necə ola bilər? Bu, Rusiyanın özü üçün hansı çətinliklərə yol açar?
- Putin Ukraynaya qarşı nüvə silahından istifadə etsə, onun ölkəsinə qarşı da bu silah işə düşə bilər. Rusiya ilə yanaşı NATO ölkələrinin də nüvə silahı var.
Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatlarında, sözsüz ki, dəstək ölkələrin də rolu olub. Putin Ukrayna müharibəsində NATO-ya qarşı savaşdığını deyir. Təkbaşına qərar verib, Ukraynanın yarısını parçalayıb əldə etmək istəyəndə ona qarşı Qərbin yüzlərlə beyin mərkəzinin savaşacağını bilməli idi. İndi ona qarşı müxtəlif ssenarilər var. Soyuq müharibə illərində (1945-1990) SSRİ-nin məğlubiyyətinə səbəb ABŞ-nin beyin mərkəzlərinin müxtəlif ssenarilər qurması oldu.
Məsələn, Səudiyyə Ərəbistanı ilə anlaşdılar ki, neftin qiymətini aşağı salacaq. Keçmiş SSRİ-nin əsas gəliri neft satışından təmin olunurdu. Bununla SSRİ iqtisadiyyatı ağır vəziyyətə düşdü. Amerika elan etdi ki, kosmik proqram həyata keçirəcək. Buna SSRİ rəhbərliyi inandı və onlar da kosmik layihələr ortaya atmağa başladılar. Bu layihələr naminə milyardlarla vəsait xərcləndi.

SSRİ dağılandan sonra məlum oldu ki, Amerikanın belə bir layihəsi olmayıb. Sadəcə onlar SSRİ-ni hərbi-texniki avadanlıqlara daha çox pul xərcləməyə məcbur ediblər. Nəticədə Qərbin beyin mərkəzləri SSRİ-ni dağıtdılar. Rusiya isə keçmiş SSRİ-dən güclü dövlət deyil.
İndi də eyni ssenari gedir. Onlar Rusiyanı zəiflətməklə məqsədlərinə çatacaqlar.
- Rusiyanın gələcəyi üçün bu cür həmlələrin təsiri hansı effekti verə bilər?
- Belə həmlələrin Rusiyada mərkəzdənqaçma meyillərini gücləndirəcəyi ehtimalı da az deyil. Rusiyanın İnquşetiya bölgəsində olanları buna misal çəkmək olar. Artıq İnquşetiyada qəbiristanlıqların sayı artıb. Yerli ağsaqqalar rus qubernatora müraciət ediblər ki, Putinlə danışsın, inquş cavanları müharibəyə göndərməsin. Çünki inquşlar azsaylı xalqdır. Yəni, Putin ət maşını kimi insanları ölümə göndərir.
Rus ordusu gündə 1000-1500 nəfərlik itki verir. İndi Rusiyada miqrantları da ölümə göndərirlər. Bu yaxınlarda Ukraynanın yaydığı videoda Rusiya tərəfindən vuruşan muzdlular ələ keçirilmişdi. O müzdluların arasında vyetnamlı, çinli, koreyalı, hindistanlı, hətta kolumbiyalı belə vardı. Faktiki olaraq, ruslar kimi gəldi ölümə göndərirlər. Eyni zamanda ruslar özləri də ölür, ölkədə qəbiristanlıqların sayı artır.

- Müharibənin dayandırılması üçün verilən təkliflər barədə nə deyərdiniz? Birdəflik atəşkəsdən söhbət gedirdi, bu, mümkün olarmı?
- Ukrayna Prezidenti Volodimir Zelenski birdəfəlik atəşkəsdən danışırdı. Əgər Putin 20 gün əvvəl Zelenskinin təklifinə razı olsaydı, İstanbuldakı birinci görüşdə nəticə əldə edilsəydi, Ukrayna bu kəşfiyyat əməliyyatını həyata keçirməyəcəkdi. Putin razı olmadı, Ukrayna çoxdan hazırladığı kəşfiyyat əməliyyatını həyata keçirməklə Putinin imicinə çox böyük zərbə vurdu. İndi Putin gecə-gündüz buna necə cavab verəcəyini düşünür.
Rusiya-Ukrayna müharibəsi başlamamışdan öncə Kremlin bu ölkədə yatmış hücrələri, yəni, əlaltıları var idi. Kiyevdə oğlumla qaldığım həmin dövrdə bizim evin yaxınlığında partlayış baş verdi. Sonradan öyrəndim ki, Ukrayna kəşfiyyat zabitinin avtomobili partladılıb. Bunu ruslar etmişdi.
Sonradan Ukrayna əks-kəşfiyyatı bunların çoxunu neytrallaşdırdı. İndi isə Ukrayna kəşfiyyatı bu məsələlərdə rusları üstələyir. Təsəvvür edirsiniz ki, dronlar Rusiya ərazisinə keçirilib, orada şirkət yaradılıb, Sibirə qədər bir məsafə qət edilib.
Sözsüz ki, burada rus ordusu daxilində olan korrupsiyanın da böyük rolu var. Birinci Çeçen müharibəsinin gedişində olan bir hadisəni misal çəkim. O dövr çeçen mücahidlərinin komandanı Şamil Basayev yüz nəfərlə maşınlara minib Moskvaya qədər məsafə qət etmişdi. Onlar Rusiya ərazisinə daxil olarkən rus polisinə rüşvət verə-verə postları keçmişdilər.
Basayev özü da bununla bağlı açıqlama vermişdi ki, “o qədər rüşvət vermişdik ki, pulumuz qalmamışdı". Ona görə də 1995-ci ildə Budyonovsk şəhərciyində dayanmalı olublar və burada döyüş baş verib.
Rusiya-Ukrayna müharibəsinin gedişində Rusiyanın yüksək rütbəli zabitlərinin həbsi də buna misaldır. Müharibə adı ilə pulları mənimsəyirlər. Ukrayna da bundan məharətlə istifadə edərək kəşfiyyat məlumatları əldə edir.

- Müharibənin gedişində təbiq edilən taktika, dronlar qarşısında tankların heç nə edə bilmdəyini də indi hamı görür…
- Bu, əslində texnoloji müharibəyə çevrilir. Müharibə təzə başlayanda Rusiya tanklardan istifadə edirdi. Amma bu, effekt vermədi. Bir neçə miylonluq tankı 5 min dollarlıq dron məhv edir.
Birinci Çeçen müharibəsində də oxşar hadisə baş vermişdi. Çeçen mücahidlər Qroznıya daxil olan birinci və sonuncu tankı vurmuşdular. Ondan sonra bütün tanklar artıq nişangaha gəlmişdi və məhv edilmişdi. Görünür, yaxın tarixdən ruslar dərs çıxarmayıblar.
Ukrayna müharibəsi başlayanda rus tankları şəhərlərə daxil olmaq istəyirdi, amma çoxu məhv edildi. Çünki indiki müharibələr əvvəlki texnologiyalarla aparılmır. İkinci Qarabağ müharibəsində də Azərbaycan tərəfi müasir texnologiyalardan çox böyük məharətlə istifadə etdi. Ukrayna da oxşar təcrübədən istifadə edir.