BAKI, 4 iyun. TELEQRAF

ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq müəllim, "İbrahim sazişləri" nədir və bu sazişə qoşulmağın nə kimi üstünlükləri ola bilər?

- "İbrahim sazişləri" 2020-ci ildə ABŞ Prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə onun təşəbbüsü ilə hazırlanıb. Sazişin ilk məqsədi ərəb ölkələri ilə İsrail arasında normallaşma prosesini başlatmaq olub. Burada söhbət iqtisadi-siyasi maraqların uzlaşdırılmasından gedir. Eyni zamanda birgə qonşuluq şəraitində yaşamağı təşkil edə biləcək prinsiplər bu anlaşmada öz əksini tapıb. Ərəbistan yarımadasına daxil olan ölkələrin bu sazişə qoşulması və İsraillə qarşılıqlı müqavilələrin imzalanması nəzərdə tutulur. Hətta, 2018-2019-cu illərdə bu daha çox müzakirə olunurdu. İndi isə bu sazişlə bağlı məsələlərin yenidən gündəmə gəlməsi Yaxın Şərqdə baş verən hadisələrlə bağlıdır. Suriyadakı hadisələrdən sonra İsrailin təhlükəsizliyi ilə bağlı narahatlıqların aradan qaldırılması üçün bu sazişin daha geniş formada tətbiqi və gələcəkdə logistikanın, iqtisadi layihələrin, birgə proqramların da həyata keçirilməsi nəzərdə tutulur.

- Tərəfləri bu məsələdə bir araya gətirmək üçün nələr təsirli mexanizm hesab edilə bilər?

- Tramp Administrasiyasının düşüncəsi ondan ibarətdir ki, qarşılıqlı investisiyalar həyata keçirilsə, yəni, yəhudilər ərəb ölkələrində, ərəblərin İsraildə biznes proqramları həyata keçirməsi həm də təhlükəsizlik zəmanəti hesab oluna bilər. Qarşılıqlı iqtisadi maraqlar fonunda müharibələr olmayacaq yanaşması da var. Prosesləri də buna uyğunlaşdırmağa çalışırlar.

- ABŞ Prezidentinin müşaviri Stiven Uitkoff açıqlamasında Azərbaycan və Ermənistanın “İbrahim sazişlərinə” qoşulmaq ehtimalından bəhs edib...

- Azərbaycanın bu sazişlərdə yer alması çox fərqli və həddindən artıq maraqlı konfiqurasiya içərisindədir. Çünki rəsmi Bakının Təl-Əvivlə heç bir problemi yoxdur. Əksinə, iki ölkə arasında çox yaxşı əməkdaşlıq, dostluq münasibətləri var. Həmçinin ölkələr arasında kifayət qədər ciddi iqtisadi, siyasi bağlar mövcuddur. Bu mənada, Tramp Administrasiyasının və İsrailin istəyi ondan ibarətdir ki, Azərbaycan bu anlaşmaya qoşularaq, moderator rolunu oynasın. Çünki Azərbaycanın İsraildən başqa digər müsəlman dövlətləri ilə də yaxşı əlaqələri var. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər kimi ölkələrlə Azərbaycanın yaxşı münasibətləri mövcuddur. Ona görə də Azərbaycanın “İbrahim sazişlərinə” qoşulması ilə ərəb ölkələri və İsrail arasında çıxa biləcək problemlərin həllində moderator kimi yer almasının mümkünlüyü önə çəkilir. Misal olaraq, qardaş Türkiyə ilə İsrail arasında Azərbaycanın vasitəçiliyi ilə danışıqlar raundunun olmasını qeyd edə bilərik.

- İddialar var ki, Azərbaycan “İbrahim sazişlərinə” qoşulacaqsa, Ağ Ev buna adekvat olaraq “907-ci” düzəlişi ləğv edə bilər…

- Sözsüz ki, bununla Azərbaycana qarşı haqsız olaraq qəbul edilmiş məlum “907-ci” düzəlişin aradan qaldırılmasının mümkünlüyündən də bəhs edilir. “907-ci” düzəliş 90-cı illərin əvvəllərində Azərbaycana qarşı haqsız olaraq tətbiq olunmasına baxmayaraq, o ləğv edilmədikcə, Amerika biznesi üçün investisiyaların, iki ölkə arasında hərbi, iqtisadi əməkdaşlığın yaranmasına maneələr qalacaq. Azərbaycanın məhz bu sazişdə yer alması həm də “907-ci” düzəlişin aradan qaldırılması, Bakı ilə Vaşinqton arasında münasibətlərin yeni mərhələyə keçməsinə şərait yarana bilər.

- “İbrahim sazişləri”nin iqtisadi hədəfləri nədən ibarətdir? Ağ Evin bu sazişlərlə yeni iqtisadi dəhliz yaratmaq iddialarının olduğu da deyilir. Çinin “Bir kəmər, bir yol” layihəsinə bu sazişin alternativ olaraq Trampın özünün Hindistan, Mərkəzi və Şərqi Avropa iqtisadi dəhlizi ideyasını reallaşdırmaq istəyi var. Bu halda Azərbaycanın Çini hədəf alan bir layihədə iştirakı nə dərəcədə məqbul görünür?

- Qlobal mənada “Bir kəmər bir yol”, Orta Dəhliz layihəsi ilə Hind okeanından və Ərəbistan yarmadasından keçməklə İsrail limanlarına yüklərin daşınması, oradan Avropaya çatdırılması layihəsi var. Amma Trampın irəli sürdüyü bu layihə o qədər çətindir ki, hətta bütün siyasi problemlər, təhlükəsizliklə bağlı məsələlər (husilər, Qəzza problemi, Fələstin məsələsi) aradan qaldırılması belə onun ifrastruktur olaraq həyata keçirilməsini qəlizləşdirir. Çünki Ərəbistan yarımadasında dəmir yolu şəbəkəsi yoxdur. Avtomobil və dəmir yolu şəbəkəsi burada ancaq iri şəhərlər arasındadır. Ona görə də bu layihənin reallaşması üçün ən azı 10-15 il zaman lazımdır. Hətta bu layihə gələcəkdə həyata keçirilməyə başlasa belə, Çinin irəli sürdüyü layihələr daha realdır. Artıq Orta Dəhliz vasitəsi ilə daşımalar başlayıb. Epizodik olsa da, Çindən Avropaya yüklər daşınır. Bu layihələr ilk baxışdan bir-birinə rəqib görünsə də, bunlar bir-birini tamamlaya da bilər. Əslində, onların bir-birinə alternativ olması heç də pis deyil. Bu, açıq rəqabət deməkdir. Ərəbistan yarmadasından keçən yol inşa olunsa, tariflərlə bağlı rəqabət formalaşacaq ki, bu dünya iqtisadiyyatı üçün yaxşı nəticələr doğura bilər.