BAKI, 2 iyun. TELEQRAF
Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Qeyd olunub ki, dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam еtdirilir.
"May ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycana gələn Malayziya vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilib", - deyə məlumatda qeyd olunub.
Xidmətdən məlumatına görə, hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.