BAKI, 29 may. TELEQRAF
Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azay müəllim, 28 May - Müstəqillik Günündə Azərbaycan-Türkiyə və Pakistan liderlərinin Laçından vermiş olduğu mesajların əhəmiyyətini necə qiymətləndirmək olar?
- 2025-ci il 28 may tarixində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğnanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanın işğaldan azad edilmiş Laçın şəhərində keçirdikləri Zirvə görüşü çoxşaxəli - siyasi, geosiyasi, hərbi, iqtisadi, mədəni və mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu görüşün əhəmiyyətini müxtəlif aspektlər üzrə ümumiləşdirmək olar. İlk növbədə görüşün məhz Laçın şəhərində keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qardaş ölkələr – Türkiyə və Pakistan tərəfindən bir daha tam və qəti şəkildə dəstəkləndiyini göstərir. Son illərə kimi Laçın xarici mediada daha çox qondarma dəhliz adı ilə tanınırdısa, indi, artıq sülh, təhlükəsizlik, quruculuq və Azərbaycan-Türkiyə-Pakistan arasında birliyi və qardaşlığı simvolizə edən Zirvə görüşünün keçirildiyi məkan kimi tarixə düşdü.

- Amma bu görüşdən ciddi şəkildə narahat olan tərəflər də var. Onların narahatlığı nə ilə bağlıdır?
- Bu görüş Ermənistan başda olmaqla Hindistan və Fransa kimi ölkələrə mühüm siyasi mesaj oldu. Onlar Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməlidirlər. Azərbaycan-Türkiyə-Pakistan üçbucağı regionda və dünyada mühüm geosiyasi blok kimi möhkəmlənir və bu ittifaq dönməz xarakter alır. Zirvə görüşü Cənubi Qafqazda güc balansının dəyişdiyini və Azərbaycanın strateji mövqeyinin daha da möhkəmləndiyini, Cənubi Qafqazda əsl söz sahibinin kim olduğunu bir daha dünyaya nümayiş elətdirdi. Ona görə də bu qardaşlıq birliyini istəməyən ölkələr Laçın Zirvə görüşündən ciddi narahatdırlar.
- Üç ölkənin əməkdaşlığı baxımından Laçın görüşünü necə xarakterizə etmək olar?
- Bu görüşün və genişlənən üçtərəfli əməkdaşlığın logistik, nəqliyyat, hərbi və iqtisadi baxımdan bir sıra müsbət nəticələri olacaq. İlk növbədə bu əməkdaşlıq Çin-Orta Asiya-Qafqaz-Türkiyə-Pakistanın Böyük İpək Yolunun və Orta Dəhlizin inkişafında ortaq maraqlarının və ciddi işbirliyinin olduğunu əks etdirdi. Bu mənada üç qardaş ölkənin Laçında regional sabitlik və əməkdaşlıqla bağlı verdikləri mesaj ayrıca qeyd olunmalıdır.

Laçında keçirilən görüşdə hərbi və müdafiə sənayesinin yüksək səviyyəli təmsilçilərinin də iştirakı onu göstərir ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi xüsusi prioritet təşkil edib. Məlum olduğu kimi, Hindistan və Pakistan arasında baş verən son hərbi toqquşmada Pakistanın əldə etdiyi qələbə, Hindistana məxsus 7 qırıcı təyyarənin, o cümlədən Fransa istehsalı olan 4 “Rafael”in zərəzsizləşdirilməsi Pakistanın hava hücumundan müdafiə qüvvələrinin üstünlüyünü, xüsusilə Çin-Pakistan birgə istehsalı olan JF-17 qırıcı təyyarələrinin döyüşlərdə yüksək effektivliyini nümayiş etdirdi. Azərbaycanın da bu tip təyyarələri almağa qərar verməsi strateji baxımdan bunun nə qədər doğru olduğunu bir daha sübut etmiş oldu. Şübhə yoxdur ki, Laçın Zirvə görüşü Azərbaycan, Türkiyə və Pakistan arasında keçmişdə olduğu kimi, gələcəkdə də hərbi əməkdaşlığın dərinləşməsi və ortaq hərbi təlimlərin keçirilməsi gücləndirəcək. Bu əməkdaşlıq həmçinin regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
- Azad olmuş ərazilərdə Türkiyə və Pakistan şirkətlərinin daha aktiv iştirakı ilə bağlı gözləntilər nədən ibarətdir?
- Laçın Zirvə görüşündən sonra azad edilmiş ərazilərin bərpasında Türkiyə və Pakistan şirkətlərinin iştirakının artmasını da gözləmək olar. Bundan başqa, Laçında dövlət başçıları İkitərəfli və Üçtərəfli iqtisadi əməkdaşlıq çərçivəsində hazırda icrada olan iqtisadi layihələrin icrasının sürətlənməsini və yeni potensial layihələr haqqında əməkdaşlıq imkanlarının genişləndirilməsini geniş müzakirə ediblər. Eyni zamanda Orta Dəhlizin tam gücü ilə işləməsi və Zəngəzur dəhlizinin tezliklə reallaşması baxımından bu görüşün əhəmiyyətini vurğulamaq yerinə düşər.

Həmçinin qardaşlıq münasibətlərinin rəmzi kimi Laçında keçirilən bu Zirvə görüşü üç qardaş ölkə xalqlarının ortaq tarixi, dini və mədəni dəyərlərə söykəndiyini simvolizə edir. Bu görüş Azərbaycan xalqı üçün mənəvi baxımdan böyük dəstəkdir. Qardaş ölkə liderlərinin Laçında olması xalqın 30 il işğal altında qalmış torpaqlara qayıdışını daha da ruhlandırır, işğaldan azad edilmiş torpaqlarda birliyini nümayiş etdirir. Ona görə də 28 May Müstəqillik Günündə keçirilən bu görüş həm də Azərbaycan dövlətçiliyinə və milli kimliyinə verilən yüksək dəyərin göstəricisidir.
- Hindistanın bu görüş başa çatmadan isterik yanaşmasına səbəb nədir?
- Laçın Zirvə görüşü təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni bir mərhələnin başlanğıcını ifadə edir. Bu görüş regional əməkdaşlığın dərinləşməsinə, təhlükəsizlik və inkişaf gündəliyinin möhkəmlənməsinə, eyni zamanda xalqlar arasında dostluq və birliyin güclənməsinə sanballı töhfədir. Zirvə görüşü həm də Azərbaycanın post-münaqişə dövründə artan regional və beynəlxalq nüfuzunun bariz göstəricisidir. Hindistanın bu birliyə isterik reaksiyası bu ölkənin aqressiv və qeyri-konstruktiv mahiyyətindən xəbər verir. Azərbaycan və Türkiyənin Hindistan-Pakistan qarşıdurmasında qardaş və dost ölkə olan Pakistanın haqlı və beynəlxalq hüquq normalarına uyğun mövqeyini dəstəkləməsi Hindistanda əsassız və isterik reaksiyalara səbəb olmasını anlamaq mümkün deyil. Hansı ki, Hindistan son illər Azərbaycanın ərazilərini 30 il işğalda saxlamış və yeni revanş hissi ilə alışıb yanan Ermənistanı ciddi şəkildə silahlandırır və bununla da Cənubi Qafqazda yeni müharibənin başlamısını təşviq edir, körükləyir. Hindistanın Azərbaycana qarşı bu cür, yumşaq desək, qeyri-dost addımları, təbii ki, cavabsız qala bilməzdi və qalmadı da.
- Azərbaycan və Türkiyəyə qarşı edilən boykot çağırışları nə ilə bağlıdır?
- Bu azmış kimi Hindistan Azərbaycan və Türkiyəyə qarşı iqtisadi baykot çağırışları edir. Təkcə Azərbaycana və Türkiyəyə deyil, Hindistan hətta, Özbəkistana da hind turistlərin getməsinin qarşısını alır. Bundan başqa, Azərbaycanla iqtisadi əməkdaşlığın dayandırılması və vətəndaşlarının ölkəmizi tərk etmələri barədə Yeni Dehlinin təlimatının olduğunu da bilirik. Əlbəttə, bütün bu addımlar bizim Pakistanla olan dostluq və müttəfiqlik əlaqələrimizə zərrə qədər də təsiri olmayacaq. Əminəm ki, Azərbaycan qısa müddətdə hind turistlərini çinli turistlərlə əvəz edə biləcək. Sabah, mayın 30-da Milli Məclisdə Azərbaycan və Çin hökumətləri arasında ümumivətəndaş pasportlarına malik olan vətəndaşların qarşlılıqlı vizadan azad edilməsi haqqında Sazişin təsdiq olunması gözlənilir. Əminəm ki, cənab Prezident tərəfindən müəyyən edilən bu siyasət çinli turistlərin ölkəmizə marağını ciddi şəkildə artıracaq. Gərək, turizm şirkətləri də bu sahədə daha fəal olsunlar.

- Müstəqillik Günü ilə bağlı ABŞ və digər dünya liderlərinin Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktublarını necə xarakterizə etmək olar? Rəsmi Bakının regional və qlobal miqyasda artan rolu fonunda ünvanlanan məktublarda bu amillər özünü necə təsdiq edir?
- 28 May - Mütəqillik Günü ilə bağlı dünya liderlərinin, o cümlədən ABŞ Prezidentinin Prezident İlham Əliyevə göndərdiyi təbrik mesajlarında səslənən fikirlər, bu məktublardakı hər bir söz, hər bir cümlə çox həssaslıqla seçilir və bunların hər birinin də xüsusi mənası və əhəmiyyəti olur. Məsələn, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə Müstəqillik Günü ilə bağlı göndərdiyi məktubunda qeyd olunur ki, Azərbaycanla ikitərəfli əlaqələrin dərinləşməsində, terrorizmə qarşı birgə mübarizədə, enerji təhlükəsizliyinin inkişafında ABŞ bizimlə birgə işləməkdə maraqlıdır. Habelə, ABŞ Ermənistanla sülhə nail olmaq istiqamətində ölkəmizin atdığı addımları yüksək qiymətləndirir. Tramp ümid edir ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. Azərbaycan və Ermənistan arasında möhkəm sülhün əldə olunması ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. Baydendən fərli olaraq Tramp administrasiyası qarşıdakı illərdə Azərbaycanla daha dərin tərəfdaşlığa ümid edir. Göründüyü kimi, Tramp Azərbaycanın regionda oynadığı rolu çox yüksək qiymətləndirir və iki ölkə arasında əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirir. Bildiyiniz kimi, dövlətimizin başçısı da dəfələrlə bəyan edib ki, Azərbaycan ABŞ ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə hazırdır və bunun üçün konkret addımların atılması üçün ölkəmiz ciddi potensiala malikdir. Əminəm ki, hər iki tərəfdən olan bu cür müsbət mesajlar həm Azərbaycanın, həm də ABŞ-nin milli maraqlarına tam uyğundur və biz bu bəyanatların tezliklə real həyatda da öz əksini tapacağının şahidi olacağıq.