BAKI, 27 may. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərində vermiş olduğu bəyanatlardan sonra Ermənistanda revanşistlərin aktivliyi müşahidə edilir. Sizcə, Kreml baş diplomatını Ermənistana hansı missiya ilə göndərmişdi?

- Əslində, Lavrovun Ermənistan səfəri çərçivəsində baş tutan mətbuat konfransında maraqlı məqamlar yaşandı. O, bir az da erməni jurnalistlərin sualına əsəbləşmişdi. Erməni jurnalist sual verir ki, “niyə Rusiya Azərbaycana silah satır? II Qarabağ müharibəsində olanları sadalayır. Lavrov da cavab verdi ki, biz də sizə I Qarabağ müharibəsində silah vermişdik. Həmin silahlar hesabına siz Azərbaycanın rayonlarını işğal etdiniz. O, əslində, düz danışır. Bu, heç kim üçün də sirr deyil ki, Azərbaycan torpaqlarını Ermənistan Rusiya silahının gücü ilə işğal etmişdi. Hətta I Qarabağ müharibəsində rus komandanlığı bu işğalda iştirak edib. II Qarabağ müharibəsinin gedişində də Rusiya Ermənistana kifayət qədər silah verib. Prezident İlham Əliyev də müharibənin gedişində “İsgəndər M” raketlərinin Ermənistana kim tərəfindən niyə verildiyini dəfələrlə bəyan edib. Çünki bu elə raket növüdür ki, o, Ermənistana verilməməli idi. 44 günlük müharibədə rusların guya Baş nazir Nikol Paşinyandan xoşları gəlmirdi, amma kifayət qədər ona silah-sursat verirdilər. Sadəcə, bu dəfə alınmadı. Azərbaycan Ordusu güclü çıxdı və məsələni həll etdi. Burada ermənilər üçün də mesajlar var idi. O, ermənilərə demək istəyirdi ki, “biz sizin suverenliyinizi qoruyuruq. Siz Fransaya, Amerikaya, Brüsselə çox da güvənməyin, son da yenə bizim qapımızı döyəcəksiniz”. Paşinyanın builki qələbə paradında iştirakı da buna misaldır. Əslində, Lavrov İrəvana bu mesajları çatdırmağa getmişdi.

- Keçmiş prezident, hərbi cani Röbert Köçəryanın fəallığı nə ilə bağlıdır? Digər sabiq həmkarı Serj Sarkisyan da qarşıdakı seçkilərdə onun namizədliyini dəstəkləyəcəyini açıqlayıb…

- Bu günlərdə Köçəryanın Moskvaya getdiyi də məlum oldu. Köçəryan Rusiya Prezidenti Vladimir Putinin yaxın dostudur. Amma Putin reallıqdan çıxış edərək, bu gün Köçəryana dəstək verməyəcək. Çünki bu gün onun erməni cəmiyyətində reytinqi yoxdur. Onun reytinqi olsa da, sözsüz ki, Putin ona dəstək verə bilərdi. Bununla da Paşinyanı ya devirərdilər, ya da öldürərdilər. Amma Kreml sahibi də indi anlayır ki, Ermənistanda real güc hələ ki, Paşinyandır. Ona görə də Lavrovu İrəvana göndərmişdi. Həm də Paşinyan bu gün Putin üçün də faydalıdır. Hazırda Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 4 dəfə artıb. Bunun nəyin hesabına olduğu da bəllidir. Faktiki olaraq, bu gün Paşinyan Rusiyanı sanksiyalardan yayındırır. Ermənistan Rusiyaya lazım olan detalları Qərbdən alıb ona ötürür. Ona görə də Moskvanın Paşinyanı dəyişmək kimi fikirləri yoxdur. Amma buna baxmayaraq, onun hökumət üzvlərinə xatırlatmalar da edirlər.

- Sergey Lavrovun səfərinin ardınca ABŞ Dövlət katibi Marko Rubio Azərbaycanla Ermənistan arasında müharibə riskindən danışıb. İndiki situasiyada belə bir təhlükə varmı?

- Bu gün Rubio nağıl danışmaqla məşğuldur. O, keçmiş ermənipərəst konqresmen kimi yenə də öz ampulasındadır. Dövlət katibi kimi o, ölkəsinin maraqlarından çıxış etməlidir. Əslində, o, Donald Trampın Azərbaycana isti münasibətini bilərək, Bakı əleyhinə çox da danışa bilmir. Amma ara-sıra yenə də ağzından anti-Azərbaycan fikirləri çıxır. İddia edir ki, guya Azərbaycan Ermənistana hücuma hazırlaşır. Yəqin ki, o Zəngəzur dəhlizi ətrafında olanları nəzərdə tutur. Konqresdəki dinləmələrdə də Rubio Azərbaycanla Ermənistan arasındakı dialoqda guya Amerikanın fəal rol oynadığını deyib. İndi ABŞ-nin bu fəallığına da ehtiyac yoxdur. Danışıqlar birbaşa aparılır. Sadəcə olaraq, dinləmələrdə danışıb deyə dövlət katibi ermənipərəst konqresmenlərin qarşısında Azərbaycan əleyhinə nəsə deməyə çalışıb.

- Paşinyan növbəti dəfə yeni konstitusiya layihəsindən danışıb. O iddia edib ki, Ermənistan konstitusiya məhkəməsi Azərbaycanla sülh müqaviləsini təsdiqləməsə, yeni konstitusiya layihəsinin təşəbbüskarı özü olacaq…

- Burada əslində, bir paradoks yoxdur. Albaniyadakı görüşdə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmaq üçün fürsət axtarırdı. Deyirdi ki, gedək kofe içək, söhbət edək. O sanki bu məsələləri bitirməyə çalışır. Amma onun əl-qolunu bağlayan Ermənistan konstitusiyasıdır. Düşünürdü ki, Azərbaycana vəd verəcək ki, bir ildən sonra sizə qarşı olan bəndi konstitusiyadan çıxaracağam. Bakı da bununla razılaşıb sülh sazişi imzalayacaq. Amma Azərbaycan buna getmədi. Bakının prinsipial mövqeyi var. Sülh sazişi təkcə Paşinyanla imzalanmır. Bu həm də erməni cəmiyyəti ilə imzalanmalıdır. O da getdikcə bu reallığı anlamağa başlayıb.

- Avropa Siyası Birliyinin Ermənistanda keçiriləcək növbəti toplantısında Azərbaycan Prezidentinin də iştirakı ilə bağlı fikirlər səslənir. Bu, hansı halda mümkün ola bilər?

- İndi məlum oldu ki, Avropa Siyasi Birliyinin növbəti toplantısı Ermənistanda keçiriləcək. Çox güman ki, Paşinyan o toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını istəyir. Azərbaycan Prezidentinin İrəvana səfərinin reallaşması üçün iki ölkə arasında ilkin olaraq sülh sazişi imzalanmalıdır. Həmin tədbirə qədər Paşinyan konstitusiya dəyişikliyini referendum, ya da parlament yolu ilə həyata keçirsə, Azərbaycan Prezidentinin İrəvandakı Avropa Siyasi Birliyinin iclasında iştirakı mümkün ola bilər. Əslində, bu Paşinyana parlament seçkiləri öncəsi reytinqini qaldırmaq üçün lazımdır. Çünki Avropa Siyasi Birliyinin İrəvandakı toplantısı Ermənistandakı parlament seçkilərindən öncə baş verəcək. Paşinyan da düşünür ki, konstitusiyanı dəyişib Azərbaycanla sülh sazişi imzalasa, Prezident İlham Əliyev İrəvana gələ bilər, bununla da reytinqini artırar. Üstəlik də o, Avropa məkanında sülhpərvər kimi tanınar. Amma biz yenə də sözə yox, əmələ inanırıq.

- Sarkisyana sual verilir ki, siz hakimiyyətə gələnə qədər Azərbaycanla sülh müqaviləsi imzalansa, bunun aqibəti necə olacaq, yəni razılaşmanı necə ləğv edəcəksiniz?

- Paşinyan Ermənistan konstitusiyasını dəyişsə və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müəddəalar oradan çıxarılsa, Bakı ilə İrəvan arasında sülh sazişi imzalansa, onun geri dönüşü olmayacaq. Hətta Paşinyandan sonra hakimiyyətə gələcəyi ehtimal edilən Köçəryan-Sarkisyan cütlüyünün "yenidən referenduma gedirik", "Azərbaycana qarşı olan ərazi iddialarını bərpa edirik" açıqlamasından sonra iki ölkə arasında növbəti müharibə başlayacaq. Bu müharibəni tam legitim əsaslarla Azərbaycan başlayacaq. Yenidən Azərbaycana qarşı ərazi iddiası ilə bağlı məsələni konstitusiyaya daxil etmək açıq müharibə çağırışıdır. Ona görə də post-Paşinyan dövründə Köçəryan-Sarkisyan cütlüyünün ehtimal edilən hakimiyyəti dövründə onlar risk edib yenidən hansısa maddəni Ermənistan konstitusiyasına salmayacaqlar və sülh sazişindən də imtina etməyəcklər. Ona görə də bu gün Paşinyanın etdikləri Köçəryan və Sarkisyanın da maraqlarına uyğundur. Onlar Paşinyanın Azərbaycanla sülh sazişi imzalamaqla yükü üzərlərindən atmaqda maraqlıdırlar. Hətta ən radikal müxalifət lideri Ermənistanda baş nazir olsa belə, o nə sülh sazişindən, nə də konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını gündəmə gətirəcək. Çünki bunu edən gün Azərbaycan Ermənistana müharibə elan edəcək.