BAKI, 23 may. TELEQRAF

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rasim müəllim, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təcili İrəvan səfəri “Qarabağı rus silahı ilə tutmuşdunuz”, “vasitəçilik edə bilərik”, “bizə sona kimi arxalana bilərsiniz” mesajları ilə müşahidə olundu. Kreml baş diplomatın dili ilə nə demək istəyirdi?

- 9 mayda Moskvada Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəmişdi. Putin də demişdi ki, “indi qonağım çoxdur, başım qarışıqdır, görüşmək imkanım yoxdur, Lavrovu göndərəcəm. Lavrov da Ermənistana əslində ruspərəst qüvvələrə dəstək vermək üçün getmişdi. O, İrəvanda diplomatiyadan daha çox təbliğatla məşğul idi. Çıxışlarını izlədikdə də məlum olur ki, Lavrov Ermənistanın II Qarabağ müharibəsindəki uğursuzluqlarını və digər müstəvilərdəki geriləmələrini Baş nazir Nikol Paşinyan hökumətinin səhvləri kimi təqdim edir. Demək istəyirdi ki, Rusiya ermənilər qarşısında bütün öhdəlikləri həyata keçirdiyi halda gözləntilər həddindən artıq yüksək idi. Amma Moskvanın tövsiyələri nəzərə alınmırdı deyə, nəticə də belə oldu.

- Paşinyan komandasının Moskvanın bu gedişinə reaksiyası necə ola bilər? Anti-Rusiya ritorikasının güclənməsi ehtimalı varmı?

- İndi Paşinyan himayəsiz qalıb deyə vurnuxur, özü də “dədə” axtarır. Bir tərəfdən o, əvvəlcədən müəyyənləşdirdiyi qərbyönümlülüyündən geri çəkilmək istəmir, digər tərəfdən isə Rusiyanın mümkün cəzalarından boyun qaçırmağa çalışır.

- Kremlin Bakı-İrəvan münasibətlərinin nizamlanmasında vasitəçilik təklifi nədən ibarətdir?

- İndi Azərbaycanla Ermənistan arasındakı danışıqlarda heç bir vasitəçiliyə yer qalmayıb. Bunu da Lavrov çox gözəl bilir. İndi iki ölkə arasındakı münasibətlərin düzəlməsində Rusiyanın hansı köməkliyi edə biləcəyi amili var. Deyə bilərlər ki, gəlin, sülh sazişini Moskvada imzalayın və s. Sadəcə olaraq, sərhədlərin delimitasiyası və kommunikasiya xəttlərinin açılması ilə bağlı Rusiya da öz iştirakını təklif edir.

- ABŞ Dövlət katibi Marko Rubionun Azərbaycanla Ermənistan arasında eskalasiya riskindən danışması nədən xəbər verir? Belə təhlükə varmı?

- Hazırda belə bir təhlükənin olması haqqında nəsə demək olmur. Çünki bölgədə hansısa qoşun toplanıb hücum əməliyyatını qabaqlayan təlimlər keçirilmir ki, bunu aktual təhlükə kimi ortaya atmaq mümkün olsun. Sadəcə olaraq, ABŞ Konqresində ermənipərəst senator Azərbaycana qarşı hansısa “sanksiyalar”ın qəbul edilməsi ilə bağlı əsassız iddialar səsləndirib. Rubio da ona cavab verdi ki, indi bizim əsas hədəfimiz bölgədə sülhü təmin etməkdir. Ona görə də heç bir sanksiyadan söhbət gedə bilməz.