BAKI, 22 aprel. TELEQRAF

Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azay müəllim, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Ermənistan konstitusiyasından müstəqillik bəyannaməsinə istinadın aradan qaldırılması ilə bağlı məsələ gündəmdədir. Bəyannamədəki iddiaların qalması gələcək üçün hansı təhdidlər yarada bilər?

- Azərbaycan üçün əsas prinsipial məsələ Ermənistan konstitusiyasındakı müstəqillik aktına istinadın aradan qaldırılmasıdır. Çünki konstitusiyanın preambulasında bəyannaməyə istinad var ki, bu Azərbaycanı narahat edir. Müstəqillik bəyannaməsində Azərbaycanın bir hissəsinin qanunsuz olaraq Ermənistana “birləşdirilməsindən” söhbət gedir. Ona görə konstitusiyada dəyişiklik edilməsi qaçılmazdır və biz Ermənistandan bunu gözləyirik. Çünki konstitusiyanın müddəaları imzalanan istənilən beynəlxalq müqavilədən üstündür. Əldə edilən razılaşmada ərazi bütövlüyü və suverenliklə bağlı məsələlər əksini tapsa da, konstitusiyada olan müddəalar siyasi iradəni sual altına almış olur. Ona görə də Azərbaycan tərəfi konstitusiya ilə yanaşı, Ermənistanın digər hüquqi aktlarında olan iddiaların ləğv edilməsi tələbini qoyub. Ermənistan konstitusiyası bu halda qalarsa, imzalanacaq sülh müqaviləsinin heç bir hüquqi əhəmiyyəti qalmır.

- Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanın birmənalı mövqeyi fonunda ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlunun Ermənistana səfərindən gözləntilər nədən ibarətdir?

- Sinirlioğlu kifayət qədər təcrübəli diplomatdır, Azərbaycanı da çox yaxşı tanıyır. Uzun müddət Türkiyə xarici işlər nazirinin müavini olub və onun şəxsi karyerası və yanaşması ilə bağlı aydın təsəvvürlərimiz var. ATƏT-in baş katibi kimi o ötən ayda Moskvada səfərdə olub. Bu günlərdə isə bölgəyə səfəri çərçivəsində İrəvana gedib. Əslində, onun bölgəyə səfərindən problemli heç nə yoxdur. Sinirlioğlu və ATƏT-in digər rəhbər şəxsləri də Azərbaycanın Minsk qrupu ilə bağlı mövqeyinin nədən ibarət olduğunu bilir. Rəsmi Bakının mövqeyi odur ki, Minsk qrupu qısa zamanda ləğv edilməlidir. Bunun üçün xüsusi əsaslandırmaya da ehtiyac yoxdur.

- Minsk qrupunun yaxın zamanlarda ləğvi ilə bağlı konkret addımların atılması gözlənilirmi?

- Bu qrupun ləğv olunması tarixi çox da uzaqda deyil. Ona görə də yaxın aylarda onun ləğv olunması ilə bağlı İrəvanın Bakının təklifini qəbul edəcəyi ehtimalı böyükdür. Beləliklə, bu qurumun ləğvi ilə bağlı hər iki ölkə tərəfindən birgə müraciət ünvanlanacaq. ATƏT rəsmilərinin bölgəyə səfələrində də Azərbaycanın mövqeyi birmənalı olaraq ifadə edilir.

- Ermənistan tərəfi Minsk qrupundan imtinanı sülh prosesi ilə paralel həyata keçirməyi təklif edir. Bu hansı məntiqə əsaslanır? İrəvanın bu məsələdə gözləmə mövqeyi, prosesi sülhlə eyni səviyyəyə çatdırmaqda məqsədi nədir?

- Antalya Diplomatiya Forumunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bəyan etdi ki, “sülh müqaviləsi ilə yanaşı Minsk qrupundan imtinaya da imza ata bilərik”. Sözsüz ki, bunlar Mirzoyanın diqqəti konstitusiya məsələsindən yayındırmaq və Ermənistanı sülhə daha çox hazır olan tərəf kimi göstərmək cəhdidir. Əgər Ermənistan siyasi bəyanatlarında səmimidirsə, o zaman bu bəyanatda səsləndirdiyi fikirləri həyata keçirsin. Lakin biz hazırda qarşı tərəfdən daha çox söz oyununu və siyasi manipulyasiyaları müşahidə edirik.

- Sülh sazişinin imzalanması ilə bağlı rəsmi Bakının mövqeyi nədən ibarətdir?

- Azərbaycanın əsas mövqeyi odur ki, ATƏT-in Minsk Qrupu ləğv edilmədən və Ermənistan konstitusiyası dəyişdirilmədən sülh müqaviləsi imzalanmayacaq. Prezident İlham Əliyevin prinsipial mövqeyi bundan ibarətdir. Bunu da hər kəs olduğu kimi qəbul etməlidir. Görünən isə odur ki, Ermənistan bu tələblərin icrasının vacibliyini, Minsk qrupunun ləğv edilməsinin qaçılmaz olduğunu qəbul edib, konstitusiya dəyişikliyi ətrafında da razılaşmalar var. Burada digər məsələ həmin dəyişikliklərin vaxtı ilə bağlıdır. 2027-ci ildə dəyişikliklərin anonsu verilmişdi. Bu günlərdə Ermənistanın ədliyyə naziri də konstitusiya dəyişikliyi ilə bağlı yeni mətn üzərində işlədiklərini açıqlayıb və sözsüz ki, burada bədnam müstəqillik aktına istinad yoxdur və olmamalıdır. Yeni konstitusiya mətni isə referenduma çıxarıldıqda ona “hə” və “yox” demək mümkün olur. Müstəqillik bəyannaməsinə istinadla bağlı bura hər hansı bir bənd əlavə etmək mümkün olmayacaq və bu məsələ öz həllini tapacaq. Sadəcə, Ermənistan rəhbərliyi bu mövzunu mümkün qədər uzatmaq istəyir. Onların konkret mövqeyi olsa, yeni konstitusiya mətni ətrafında bir neçə ay ictimai müzakirə aparıb onu referenduma çıxarmaq olar. Əslində, erməni tərəfinin başqa çıxış yolu da yoxdur və vaxt uzatmaqla müsbət heç nəyə nail olmayacaqlar.