BAKI, 17 aprel. TELEQRAF

Zəngəzur dəhlizinə paralel olaraq İran ərazisindən keçən və Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən yolun tikintisi davam edir. Bu yaxınlarda Azərbaycanda səfərdə olan İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqi, Baş nazirin müavini Şahin Mustafayevlə birlikdə Araz çayı üzərində tikilən Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə baxış keçiriblər. Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun. Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərinin hərəkətinin bərpa olunması planlaşdırılır. Bu, o deməkdir ki, Araz dəhlizi adlandırılan keçidin istismara verilməsi artıq reallaşmaq üzrədir.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Araz dəhlizinin açılmasının əhəmiyyətindən danışıb.

Partiya sədri bildirib ki, Arazın güneyi və quzeyi bizim olub: “Zəngəzur və Araz dəhlizi əslində tarixi Azərbaycan ərazilərindən keçir. Bu amili unutmaq olmaz. Faktiki olaraq, bizim tarixi torpaqlarımız üzərində iki yad ölkə alver edir. Zaman isə dəyişir və günün birində nə Ermənistan, nə də ki, İrandan Naxçıvana gedib-gəlmək üçün icazə almağımıza ehtiyac qalacaq. Hər şeyi zaman özü həll edəcək. O torpaqlar Azərbaycana məxsusdur”.

O əlavə edib ki, hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar gedir: “İrəvan nəhayət, öz maraqlarını, xeyrini nəzərə alıb, Zəngəzur dəhlizinin açılmasına razılaşacaq. İndiki halda himayədarları ona bu yolu açmağa imkan vermirlər. İran da Araz dəhlizini açmaqla öz maraqlarını reallaşdırmağa çalışır”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputat Hikmət Babaoğlu da hesab edir ki, Araz dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında mühüm kommunikasiya əlaqələrindən biri olacaq.

Deputat Araz dəhlizinin açılması ilə Zəngəzur dəhlizinin əhəmiyyətinin azala bilməyəcəyini deyib: “Naxçıvana getmək üçün Araz dəhlizi alternativlərdən biridir. Bu yol sözsüz ki, Zəngəzur dəhlizi ilə müqayisə olunacaq dərəcədə strateji mahiyyət kəsb edə bilməz. Azərbaycan tarixi coğrafiyasının dəhlizi olan Zəngəzur Türküstan ilə Anadolu arasında strateji bağlantıdır. Ora milli etnik keçmişimizin vahid coğrafiyasını təyin edən bölgədir. Ona görə də Azərbaycanın siyasi iradəsi və qətiyyəti sayəsində Zəngəzur dəhlizinin açılacağına heç bir şübhə yoxdur”.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri deputat Fazil Mustafa isə İran üzərindən bu yolun açılmasının vacibliyini önə çəkib.

O, Zəngəzur dəhlizinə İran üzərindən açılan yolun heç bir aidiyyətinin olmadığını bildirib: “Araz dəhlizinin açılmasının Azərbaycan üçün ziyanı yoxdur. Naxçıvana iki əlavə alternativ yol yaranır. Bu da vacibdir. Amma Araz dəhlizi ilə Zəngəzur dəhlizi arasında müqayisə aparmaq doğru yanaşma olmaz”.

Partiya sədrinə görə, İran Zəngəzur dəhlizi məsələsinə qarışmamalıdır: “Tehrana bunun aidiyyəti yoxdur. O ancaq öz ərazisindən keçən yol məsələsində Azərbaycanla müzakirə apara bilər. Bu baxımdan Naxçıvana gedən hər iki yolun ölkəmiz üçün strateji əhəmiyyəti böyükdür”.

ReAl Partiyasının sədri Natiq Cəfərliyə görə, Azərbaycan strateji cəhətdən yollarla bağlı alternativlərin olmasında maraqlıdır.

Partiya sədri bildirib ki, bir ölkədən və bir yoldan asılılıq sərfəli variant deyil: “Zəngəzur dəhlizi gec-tez açılacaq. Yola kimin nəzarəti edəcəyi isə hələ sual altındadır. Rusiya Zəngəzurdan keçən yola nəzarəti əlində saxlamaq istəyir. Bu baxımdan İrandan və ya Ermənistandan asılı olmaq doğru deyil. İran ərazisindən keçən Araz çayı boyu Naxçıvana qədər gedən alternativ yol da əhəmiyyətlidir”.

Natiq Cəfərli əlavə edib ki, İran bu cür yolların açılmasında maraqlıdır: “Bu təkcə Azərbaycanın bir hissəsini Naxçıvana bağlayan yol deyil. Gələcəkdə bu dəhliz kimi Asiya qitəsini, Şərqi Qərbə bağlayan yollardan biri olacaq. Tehran sözsüz ki, bununla izolyasiyadan çıxacaq. Həmçinin bu ona dünya iqtisadiyyatının bir parçası olmaq şansı qazandırır. Yol ancaq İrandan keçəcəksə, bu da sonrakı dövrdə problem yarada bilər. İrana qarşı olan sanksiyalar və onun gələcəyi ilə bağlı suallar var. Azərbaycan məhz bu konteksdə Araz və Zəngəzur dəhlizinin açılmasında birmənalı olaraq maraqlıdır”.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib ki, Zəngəzur dəhlizinin açılmadığı müddətcə, ona alternativ yolun olması vacibdir.

O qeyd edib ki, Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirmək üçün alternativ yol tapmaq lazım idi: “Burada da ən yaxın yol İran ərazisindən, yəni Cənubi Azərbaycandan keçən dəhlizin açılmasıdır. Bu, normal seçimdir. Alternativ yol həm də Ermənistanı Zəngəzur dəhlizinin daha tez və sürətli açmağa məcbur edə bilər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi da hesab edir ki, alternativlərin olması yaxşı haldır.

Sədr müavini bildirib ki, gec-tez Ermənistan Zəngəzur dəhlizinin açılmasına razı olacaq: “Bununla da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantı yaranacaq. Sözsüz ki, bu yollar açılmalıdır. Eyni zamanda istənilən alternativ marşrutun olması digər yolların açılmasına mane olmayacaq”.

O qeyd edib ki, əgər Ermənistan Azərbaycanla sülh sazişi imzalayacaqsa, kommunikasiya xəttləri də açılacaq: “Əslində alternativlər digər ölkələrin özünü yollar üzərində mütləq hakim hesab etməsinin qarşısını alır”.