
BAKI, 22 mart. TELEQRAF
Rusiya yenə də Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyir.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Kreml yenə Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olmaq istəyir. Halbuki Bakı və İrəvan vasitəçiyə ehtiyacın olmadığını vurğulayır, hər iki tərəf mövcud razılaşmaları məhz birbaşa danışıqlar nəticəsində əldə edib. Buna baxmayaraq, Kreml inadından əl çəkmir və Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi bölgəyə göndərməyə hazırlaşır. Xovayev İkinci Qarabağ Müharibəsindən sonra ildə bir neçə dəfə Bakı və İrəvana səfərlər edib, tərəflər arasında vasitəçi rolunu oynamağa çalışıb. Ancaq hər dəfədə Bakı və İrəvanda ona mədəni şəkildə “vasitəçiyə ehtiyacımız yoxdur” cavabı verilib.
Kremli bu cavab qane etmədiyinə görə, təşəbbüslərini davam etdirir. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daima təkrarlayır”, - ekspert bildirib.
Elxan Şahinoğlu xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada keçiriləcək Qələbənin 80-ci ildönümü ilə bağlı tədbirlərə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan Baş naziri Nikol Paşinyanı dəvət edib:
“İlham Əliyev və Nikol Paşinyan tədbirdə iştiraklarını təsdiqləyib. Kreml bundan istifadə edərək, Moskvada İlham Əliyevlə Nikol Paşinyan arasında görüş təşkil etmək istəyir. Mümkün görüşün əvvəlində Vladimir Putinin də iştirakı istisna deyil. Kreml Bakı və İrəvanın finişə yaxınlaşdıqlarını hesab edərək, gələcək sülh sazişinin Moskvada imzalanmasına çalışacaq”.