BAKI, 19 mart. TELEQRAF

Vaxtı ilə Ulu Öndər Heydər Əliyev deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Ümummilli Liderimiz bu sözləri elə inamla ifadə edirdi, hər kəsdə bir ümid yaranırdı. Onun başladığı işi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz sona çatdırdı. Prezident İlham Əliyev də çıxışların da qeyd edirdi ki, Novruz bayramını bir gün Qarabağda qeyd edәcәyik. Artıq zaman o zamandır ki, biz ümumxalq bayramımız olan Novruzu Qarabağda, Şərqi Zəngəzurda böyük qürur hissi ilə keçiririk.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor 5 ildir ki, Novruz Bayramını Azərbaycan xalqı, dünya azərbaycanlıları ruh yüksəkliyi və möhtəşəm təntənə ilə qeyd etdiyini bildirib: “Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə Xankəndində, 2025-ci ildə isə Ağdərənin Həsənriz kəndində Novruz tonqalını yandırdı, xalqımıza bayram təbriklərini çatdırdı. Bütün bunlar hər birimizdə yüksək əhval-ruhiyyə yaradır. Novruz indiyə qədər öz qüvvətli təsirini saxlayan ən kütləvi xalq və həm də ailə bayramıdır. Bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi ismarışları var. Ulu Öndər Heydər Əliyev bu bayramın əhəmiyyətini, onun əsas xüsusiyyətlərini yüksək qiymətləndirirdi. Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya vardır. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, dostlarımızı unutmuruq, onlara bayram payı göndəririk. Belə yüksək əxlaqi-mənəvi keyfiyyətləri aşılayan ailələrimiz milli və bəşəri dəyərlərə hörmətlə yanaşan vətənpərvər nəsil yetişdirir”.

Komitə sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində bu gün ölkəmizdə milli həmrəyliyin, vətəndaş birliyinin təmin olunduğunu söyləyib: “44 günlük Vətən müharibəsində, eləcə də 23 saat davam edən antiterror əməliyyatında hər bir vətəndaşımız bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Artıq işğaldan azad olan bütün torpaqlarımızda bayram tonqalları yandırılır, böyük quruculuq işləri aparılır. Ölkədə yaranan siyasi dialoq və əməkdaşlıq öz mühüm töhfəsini verməkdədir. Novruz bayramı milli dəyərlərin, mahiyyəti etibarilə milli varlığın qorunma vasitəsidir. Bu yanaşma Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində keçirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidməti vardır. Bu, ulu öndərin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Bütün həyatı və siyasi fəaliyyəti dövründə milli dəyərlərimizə ehtiram göstərən ümummilli lider siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra milli və tarixi bayramlarımızı bərpa etmiş, onlara ümummilli bayram statusu verib. Novruz milli birlik bayramı olmaqla yanaşı, hələ qədim zamanlardan dünya xalqlarının bayramı kimi də qeyd olunur. Belə ki, Novruz Cənubi Azərbaycanda, Qafqazda, Mərkəzi Asiyada, Tacikistanda, Türkmənistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda və Qırğızıstanda bu bayram xüsusi ilə keçirilir. Kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Elə Novruz çərşənbələri də bu ünsürlər üzərində qurulub. Çərşənbələr hər il Novruz bayramından, yəni, günün bərabərləşməsindən bir ay əvvəl qeyd olunur. Novruz bayramı artıq dünyada tanınmaqdadır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsi tərəfindən Novruz bayramının qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Eyni zamanda BMT-nin Baş Məclisinin martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıması Azərbaycanın milli siyasətində Novruzun milli özünü təşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur”.

Hicran Hüseynova vurğulayıb ki, tarixən milli düşüncə tərzinin və məfkurənin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir: “Bu bayramda hər kəs yad edilir, insanlar dünyadan köçən əzizlərini, doğmalarını ziyarət edir. Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, erməni terrorunun qurbanı olan dinc soydaşlarımızı dərin ehtiram və hörmət hissi ilə yad edirik. Qazilərimizə Allahdan şəfa diləyirik! Əziz günlərdə heç kəs onları, ailələrini tək qoymur. Bu, bizim adətlərimizdən, igid oğullarımıza, qardaşlarımıza, bacılarımıza, balalarımıza olan mənəvi borcumuzdan irəli gəlir. Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən, davamlı olaraq iqtisadi imkanları və beynəlxalq nüfuzu artan, geosiyasi proseslərə təsir etmək gücünə malik bir ölkədir. Böyük fəxarət hissi ilə deyirik ki, indi Novruz tonqalları Azərbaycanın hər bir şəhərində, kəndində alovlarınır”.