BAKI, 17 mart. TELEQRAF

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “The Times” radiosunun “Sunday Morning” proqramına müsahibə verib.

Teleqraf xəbər verir ki, jurnalist Adam Boultonun Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılmasına dair sullarını cavablandıran səfir bu razılaşmanı iki ölkənin münasibətlərinin normallaşması istiqamətində vacib addım olduğunu vurğulayıb. Bununla yanaşı, sülh müqaviləsinin imzalanması üçün həllini tapması gərəkən məsələlərin hələ də qaldığını diqqətə çatdırıb.

Bu xüsusda Ermənistan Konstitusiyasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarına ərazi iddilarının olması qeyd edilib. Bu faktın sülh sazişində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə hüquqi cəhətdən ziddiyyət təşkil etməsi diqqətə çatdırılıb.

Səfir danışıqlara məhz iki ölkənin birbaşa nail olmasının əhəmiyyətini qeyd edib. Kənar müdaxilələrin hətta xoşniyyətli olsa belə hər zaman faydalı olmadığını bildirib. Keçmiş münaqişənin danışıqlar vasitəsilə həlli üçün yaradılmış və 30 il ərazində heç bir nəticə əldə edə bilməyən ATƏT-in Minsk Qrupunun hazırkı mərhələdə əhəmiyyətsiz bir quruma çevrildiyini qeyd edib.

ABŞ-ın yeni administrasiyasının dövlət xərclərinin israf edilməsinə qarşı mübarizə apardığı bir zamanda, Minsk qrupunun tamamilə lazımsız və israfçılığın gözəçarpan nümunəsi olduğunu bildirib. Əlavə edib ki, Azərbaycan tərəfinin qonşu Ermənistanla birgə Minsk qrupunun rəsmi olaraq ləğv edilməsinə nail olması arzuolunadır.

Müsahibə zamanı həmçinin Ermənistanın 30 il ərazində 20 faiz Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyona yaxın insanın öz torpaqlarından didərgin salnması, 2020-ci ildə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və məcburi köçkünlərin qayıdışı prosesinin başlandığı, ərazilərin minalanması barədə məlumat verilib və bu reallıqlarla tanış olması üçün jurnalist Azərbaycana dəvət edilib.

Qeyd olunanlarla yanaşı hazırda iki ölkə arasında defakto sülhün mövcud olması və otuz ildən sonra sərhədlırin delimitasiyasının aparıldığı bildirilib.

Jurnalistin Ermənistan hakimiyyətinin razılaşdırdığ sülh sazişini erməni xalqının dəstəkləməyə hazırdırmı sualına isə
səfir Azərbaycan tərəfinin dayanıqlı sülhü təmin etmək üçün hansısa hakimiyyətlə deyil, məhz hər iki xalqın iradəsini əks etdirən normallaşma prosesində maraqlı olduğunu və buna görə Ermənistan tərəfinin müvafiq addımlar atmalı olduğunu vurğulayıb.

E.Süleymanov Azərbaycanın Rusiya ilə münasibətləri, Rusiya Ukrayna müharibəsilə bağlı da danışıb. Səfir Azərbaycan və Rusiyanın qonşuluq münasibətlərinin olduğunu qeyd edib, Ukraynanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən dəstəkləndiyini, müharibənin ilk günlərindən Azərbaycanın Ukraynaya humanitar yardım göstərdiyini, Ukraynanın enerji infrastrukturuna dəstək verdiyini bildirib və əlavə edib ki, hər kəs müharibənin tezliklə başa çatmasını və insan itkisinin qarşısının alınmasını dəstəkləməlidir.