
Ermənistanın Avropa İttifaqına üzv olması ilə bağlı ortaya atılan iddialar növbəti hiylədir. Bu ölkə hər zaman ikitirəli oyunlar aparıb. Kiminsə tərkibində, himayəsində olanda onu satıb başqası ilə əlaqə quran Ermənistan üçün bu, adi haldır. Tarixi faktlar bunu təsdiq edir. Türklərlə yaşadıqda ruslara, ruslarla yaşadıqda Qərbə istiqamət alan ermənilərin xisləti belədir.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, Ermənistanın davranışları müasir Qərb sistemindəki ikiüzlülüyün əksidir: “Söhbət Ermənistanın Avropa Birliyinə daxil olmasından getmir. Avropa Birliyinin özünün bunu dəstəkləməsi absurddur. Onlar da bilir ki, Ermənistan Rusiyanın moderatorluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Avrasiya İttifaqının üzvüdür. Bu ki heç kim üçün sirr deyil. Amma bunu bilərək İrəvana qucaq açmaq istəyirlər. Bununla regionda olan maraqlarını məhz Ermənistan vasitəsi ilə həyata keçirmək niyyətləri var”.
Səməd Seyidov bildirib ki, Avropa Birliyinin əsas məqsədi regiona müdaxilə edib mövcud sistemləri dağıtmaqdan ibarətdir: “Maraqlısı isə odur ki, rəsmi Moskva Ermənistanın ikiqütblü yanaşmasına kəskin reaksiya vermir. Görünür, Rusiya da Qərb sisteminin içərisində öz əlaltısının olmasını istəyir. Bununla Ermənistanın iki sisteminin bir-birinə qarşı istifadə etdiyi alətə çevrildiyi öz təsdiqini tapır”.
“Bu gün Rusiya-Ukrayna müharibəsinə görə, sanksiyalara məruz qalmış Moskva məhz Ermənistan vasitəsi ilə Qərbdən lazım olan hər şeyi əldə edə bilir. Qərb də Ermənistan üzərindən Rusiya sisteminə müdaxilə edib, onu regiondan çıxarmağa çalışır”, - deputat bildirib.
Qeyd edək ki, fevralın 12-də Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.