Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zəngəzur dəhlizi ətrafında bir qədər canlanma müşahidə edilir. ABŞ hərbi təyyarəsinin eniş etməsi fonunda bölgəyə diqqət daha çox artıb. Bir müddət öncəyə qədər İran və Rusiya ərazidən keçəcək kommunikasiya xəttlərinə belə etiraz etdiyi halda onların indiki susqunluğuna səbəb nədir?

- Görünən odur ki, gözlənilən İran-İsrail qarşıdurması fonunda ABŞ-la Rusiya hansısa bir razılığa gəlib. Ermənistan isə burada sadəcə olaraq bir meydan kimi istifadə edilir. İrəvanın bu istiqamətdə hansısa qərarlar qəbul etmək hüququ yoxdur. Artıq əraziyə bir neçə hərbi yük təyyarələri gəlib, yeni avadanlıqlar gətirilib. Çox güman ki, ABŞ Ermənistandan istifadə edərək İrana nəzarəti gücləndirməyə çalışır. Rusiya isə buna maneəçilik törətmir.

- Rus hərbçilərinin bir müddət öncə Arazdəyən, Kərki və Zəngəzur istiqamətindən uzaqlaşdırılması nəyə hesablanıb?

- Hazırda bu mövzuya aid müxtəlif şərhlər verilir. Azərbaycanın anklav kəndləri ilə bağlı da fikirlər səslənir. Amma hazırda bu mövzulara aid aktiv danışıqlar getmir. Eyni zamanda Rusiya-Ermənistan münasibətləri də İrəvan tərəfindən çox uğurla istifadə edilir. Ermənistan artıq Qərblə Rusiya arasında bir vasitəçiyə çevrilib. Rəsmi İrəvan sanksiyalardan qaçmaq üçün Rusiyaya dəstək verir. Bununla yanaşı Ermənistan və erməni diasporu Rusiyaya qarşı Qərbdə olan münasibəti yumşaltmaq üçün istifadə olunur. Ona görə də, Ermənistan burada vasitəçi və bundan yaxşı qazanan tərəfə çevrilib. Çünki hər bir tranzaksiyanın həyata keçirilməsində Ermənistan öz qazancını götürür.

- Azərbaycanla Ermənistan arasında qısa zamanda sülhün əldə edilməsi üçün tərəflərin mümkün kompromisə getmələri gündəmə gətirilmişdi. Kompromis variant kimi hansı güzəştlərdən danışmaq olar?

- Burada kompromis variant dedikdə Ermənistanın konstitusiya dəyişikliyini hansı tarixdə edə biləcəyi nəzərdə tutula bilər. Azərbaycan tərəfindən isə hər hansı bir kompromisdən söhbət gedə bilməz. Çünki Azərbaycanın bütün tələbləri beynəlxalq normalar çərçivəsindədir. Rəsmi Bakı özünə qarşı hansısa revanşdan, ərazi iddialarından qorunmaq niyyətindədir. Bundan başqa Azərbaycanın istəyi yoxdur. Rəsmi Bakı real sülhdə maraqlıdır. Regiona sülh lazımdır ki, daha böyük strateji layihələri uğurla həyata keçirmək mümkün olsun.

- Qarabağdan könüllü şəkildə getmiş ermənilərin geri qayıtması fonunda Qərbi Azərbaycanlıların indiki Ermənistan ərazisinə, yəni tarixi ata-baba ocaqlarına qayıdışı ilə bağlı şərtləri Avropa İttifaqı qəbul etmir. Bu hansı məntiqlə izah oluna bilər?

- Bu kimi yanaşmalar tam məntiqsizdir. Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizdə sülh şəraitində yaşamaq istəyində olan ermənilərin qayıdışı müzakirə oluna bilər. Bu şərtlər daxilində dədə-baba yurdlarından zorakılıqla deportasiya edilmiş azərbaycanlıların geri qayıtmaq hüquqları var. Hansısa erməninin hüququndan danışarkən mütləq ki, azərbaycanlıların hüquqları barədə də düşünülməlidir. Bunu beynəlxalq hüquq normaları tələb edir. Yüz minlərlə azərbaycanlı etnik təmizləmələr həyata keçirilərək Ermənistandakı ata-baba ocaqlarından zorla çıxarılıb. Keçmiş sovet dövründə bu zorakı addımlar atılıb. Vaxtilə Stalinin bu qanlı deportasiya siyasəti ilə bağlı qərarları olub. Ona görə də, azərbaycanlıların hüquqları heç bir halda ermənilərin hüquqlarından aşağı səviyyədə ola bilməz. Əgər Azərbaycana gələcək hansısa ermənilərin hüquqlarından danışılırsa, mütləq ki, Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıdışı da müzakirə mövzusu olmalıdır.

- İran-İsrail münasibətləri fonunda bölgədə bir gərginlik müşahidə edilir. Bunun Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına təsiri olacaqmı?

- İran-İsrail arasında yaşanacaq hər hansı bir məsələnin Azərbaycanla Ermənistan arasındakı proseslərə təsirinin olması ehtimalı azdır. Çünki Ermənistan hazırda danışıqları nəticəsiz müzakirələrə çevirmək niyyətindədir. Onlar yüz yerdə, yüz yalan danışmaq siyasətini davam etdirir. Vaşinqtonda bir söhbət aparır, Moskvada isə tamam başqa mövzudan danışan rəsmi İrəvan Brüsseldə, Parisdə isə fərqli obrazda çıxış edir. Əgər Ermənistan səmimi bir dövlətə çevrilmək istəyirsə, o? Azərbaycanla bütün razılaşmaları əldə etməlidir. Əks halda Ermənistanda qapalı mühitdə qalacaq.