Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, Ermənistan parlamentinin deputatı Qurgen Arsenyan "Qarabağda yaşayan cəmi 120 minə yaxın erməniyə görə, 3 milyonluq Ermənistan dövlətini riskə ata bilmərik" deyib. Sizcə, ara-sıra bu cür yanaşmaların ortaya qoyulması artıq Ermənistanın Qarabağ yükündən xilas olmaq cəhdi kimi də başa düşülə bilərmi?

- Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməsində heç bir problem yoxdur. Faktiki olaraq 70 il sovet və ondan öncə çarizm dövründə onlar Azərbaycan torpaqlarında yaşayıblar. Ermənilər burada yerli azərbaycanlılardan da daha çox üstün imtiyazlara sahib olub. Ona görə də, Azərbaycan vətəndaşlığını qəbul etmək ermənilər üçün şərəf işi olmalıdır. Çünki Azərbaycanın vətəndaşı olmaq heç də Ermənistanın, yaxud Rusiyanın vətəndaşı olmaqdan pis bir iş deyil. Erməni cəmiyyətində olan şəxslər də artıq yavaş-yavaş başa düşürlər ki, dünya həmin səviyyədə deyil. Burada Azərbaycan torpaqlarını işğal edib mənimsəmək mümkün olmayacaq. Ermənistan kimi kiçik bir dövlətin Azərbaycan ərazisinə iddia etməsi çox absurddur. Bunu müasir dünyanın siyasi, geopolitik reallıqları da təkzib edir. Çünki beynəlxalq presedent var. Heç kəs heç kəsin torpağını işğal edə bilməz. Ermənilər də yaxşı başa düşürlər ki, onlar Rusiyanın əlində oyuncaq olduqlarına görə 90-cı illərdə Azərbaycan torpaqlarını işğal etdilər. Rusiya isə hazırkı proseslərdə bitərəf mövqe seçən kimi ermənilər öz real güclərini gördülər. İndi ermənilər də başa düşməlidir ki, Azərbaycan və Türkiyə ilə dost olmaq Fransa və Amerika ilə dostluqdan qat-qat üstündür. Ermənistanın Qərbə doğru istiqamətlənməsi onun Rusiyadan uzaqlaşmasını tələb edir. Erməniləri isə Rusiyaya birləşdirən Qarabağ torpaqları və Azərbaycan əraziləri hesabına öz ərazilərini genişləndirmək istəyidir. Artıq onların bu istəyi də reallığa cavab vermir. Bu baxımdan da ermənilər daha ciddi şəkildə Qarabağ məsələsindən imtina etməklə Azərbaycanla sülh müqaviləsi istiqamətində yol almağa məcbur olacaqlar.

- Separatçı Ruben Vardanyanın Xankəndidən qaçması ilə bağlı xəbərlər yayılıb. Sizcə, “Vardanyan layihəsi”nə inananların bundan sonrakı seçimləri və davranışları necə olacaq?

- Ruben Vardanyan əslində bu prosesdə radikal mövqedə duran bir şəxsdir. O, qanunsuz olaraq Qarabağa gələrək prosesin uzadılmasına xidmət edəcək bir fiqur idi. Azərbaycanı, Türkiyəni açıq şəkildə hədələyən bu adamın sonunun necə olacağı da hamıya məlum idi. Amma deyəsən artıq ona da başa salıblar ki, Rusiya qurulmuş bu oyundan imtina edib. Vardanyanın hərəkətləri isə Azərbaycan qanunlarına görə cinayət hesab olunur. O, qanunsuz olaraq Azərbaycan ərazisinə gəlib və burada çox ciddi cinayət hadisələri törədib. Əslində o, müstəqil bir adam deyildi. Sırf göstərişlə hərəkət edən fiqur idi. Fakt odur ki, Rusiya istəsə yüzlərlə Vardanyanlar tapıb "Qarabağ oyunu"nu davam etdirə bilər.

- Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların aksiyası davam edir. Amma tələblər bu günə kimi icra edilməyib. Belə olduğu halda daha hansı addımların atılması mümkün ola bilər?

- Bu aksiyaların nəticəsinin ən ciddi dəlili ermənilərin buna verdiyi reaksiyadır. Hətta onlar bu məsələni BMT-də, Avropa Parlamentində müzakirəyə çıxardılar. Bu onu göstərir ki, 20-30 azərbaycanlı gəncin Laçın-Xankəndi yolunda haqlı tələblər üzərində keçirdiyi aksiya ermənilərin illərlə apardığı avantürist siyasəti darmadağın edib. Bu əslində çox ciddi bir gedişdir. Sözsüz ki bu davamlı olmalıdır. Xankəndi iqtisadi zonasının Azərbaycanın süverenliyinə qaytarılması bundan sonrakı mərhələdə dinc yollarla mümkün olacaq. Artıq bu istiqamətdə müharibə aparmağa ehtiyac qalmayacaq. Bu sivil yollarla ediləcək.

- Azərbaycanla Ermənistan arasında bu ilin sülh olacağına inam varmı? Hazırda tərəflər arasında gərginlik var. Belə olan halda sülhə nə dərəcədə inanmaq olar?

- 44 günlük müharibə göstərdi ki, Ermənistanın Azərbaycanla müharibə aparmaq imkanları yoxdur. Müharibədən sonra da Azərbaycan özünün hərbi gücünü artırıb. Belə olduğu halda Azərbaycanla əvvvəlki illərdə olduğu kimi davranmağa heç kəsin cəsarəti çatmayacaq. Çünki əvvəlki illərdə Ermənistan Rusiyanın beynəlxalq nüfuzundan istifadə edirdi. İndi ermənilər Rusiyanın dostu olduqlarını gizlədirlər. Ona görə də, erməni tərəfinin əvvəlki kimi prosesləri uzatmaq imkanları yoxdur. Ermənistanın bu mənada sülh müqaviləsi imzalamaqdan savayı yolu qalmayıb. Bu ilk növbədə onların da maraqlarına uyğundur.