Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşün mahiyyəti növbəti dəfə sübut etdi ki, proses məhz Bakının irəli sürdüyü prinsiplər əsasında gedir. Tərəflər arasında baş tutan dördüncü görüşün nəticələrinə əsasən qeyd edə bilərik ki, ölkə başçısı İlham Əliyevin qəti və prinsipial mövqeyi, diplomatik məharəti nəticəsində bu görüş də çox uğurlu və səmərəli keçib. Şarl Mişelin səsləndirdiyi bəyanat da bunu təsdiq edir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Brüsseldə keçirilən üçüncü görüşdən sonra, Ermənistanın guya “münaqişənin həll olunmadığı” kimi reallığı əks etdirməyən iddiaları, hərbi təxribatları, dağıdıcı davranışları müşahidə edilirdi:

“Eyni zamanda, sülh prosesinə maneə yaratmağa çalışan regional və digər aktorların çoxsaylı pozucu cəhdləri də var. Ümumiyyətlə isə Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə qarşı çıxan qüvvələrin fəaliyyətlərini nəzərə alsaq, bu görüşün daha məhsuldar və effektiv olduğunu söyləmək olar. Brüssel görüşündə diqqət çəkən ən əsas məqamlardan biri Şarl Mişelin elan etdiyi sənəddə nə Qarabağ mövzusuna, nə də ATƏT-in Minsk qrupu ilə bağlı heç bir fikrin yer almamasıdır. Bu o deməkdir ki, Azərbaycan Minsk qrupu formatının artıq ləğv edildiyini, tarixin arxivinə cevrildiyini həm Ermənistana, həm də Qərbə nümayiş etdirir”.

Professor hesab edir ki, artıq Avropa Qarabağı Azərbaycanın daxili işi olduğunu qəbul edir: “Digər mühüm məqam isə Azərbaycanın təklif etdiyi 5 təməl prinsip əsasında Ermənistanla sülh sazişi layihəsinin hazırlanmasıdır. Artıq sentyabrda hər iki ölkənin xarici işlər nazirlərini görüşərək ilkin mətn üzərində müzakirələrin təşkili barədə razılığın əldə edilməsi gözlənilir. Bundan öncəki görüşdə də münaqişənin sülh yolu ilə həll edilməsinə dair proqram irəli sürülmüşdü. Amma 22 may tarixində keçirilən görüşlə bu görüşü fərqləndirən xüsusi amil var. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr razılaşmasına Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərə əməl edib. Laçın dəhlizindən kənar keçən yol çəkilib. Eyni zamanda Azərbaycan Ordusu Laçın şəhəri, Zabux və Sus kəndlərini tam nəzarətə götürüb”.

Komitə sədrinə görə, hazırda dünyada gedən geopolitik, geostrateji və geoiqtisadi proseslərin fonunda ölkəmizin mövqeyi daha da güclənir:

“30 il davam edən erməni işğalına son qoyulub. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ölkəmiz Ermənistan tərəfindən dağıdılmış, xarabaya çevrilən kənd və şəhərləri tez bir zamanda yenidən tikib- qurmağa, keçmiş məcburi köçkünləri öz daoğma yurd-yuvalarına qaytarmağa çalışır. Ona görə də, Azərbaycan Cənubi Qafqazda sülhün yaranması, təhlükəsizliyin təmin olunması üçün Ermənistanla sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında maraqlıdır. Bununla yanaşı sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş Azərbaycan vətəndaşları ilə əlaqədar məsələlər də həllini tapmalıdır”.