Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu öz işinə başlayıb. Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edib. Həmişə olduğu kimi postpandemiya dövrü də daxil olmaqla, Azərbaycan qlobal tədbirlərə ev sahibliyi missiyasını uğurla həyata keçirir. Artıq Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib. Əminliklə deyə bilərik ki, ölkəmizin bu istiqamətdə beynəlxalq arenada çəkisi get-gedə daha da artır. IX Qlobal Bakı Forumu da bunun bariz nümunələrindən biridir.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu qlobal əhəmiyyətli məsələlərin müzakirə olunması ilə yadda qalacaq: “Bu forumun da Prezident İlham Əliyevin himayəsi altında keçirilməsi xüsusi önəm kəsb edir. Prezident artıq dünyada qlobal təşəbbüslərin müəllifi kimi qəbul olunur. Bu baxımdan ölkə başçısının Forumda çıxışı və nitqində toxunduğu regional və beynəlxalq məsələlər qlobal dünya nizamında mühüm əhəmiyyət kəsb edir”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev çıxışında beynəlxalq təhlükəsizlik, ərzaq böhranı, Ermənistanla sülh prosesi, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizi, enerji təhlükəsizliyi və Minsk qrupunun fəaliyyəti haqqında mühüm məsələlərə toxunub:

“Dünyada hadisələrin sürətlə inkişaf etdiyi və proqnozlaşdırılması mümkün olmayan fəsadların ortaya çıxdığı bir şəraitdə beynəlxalq təhlükəsizlik məsələsi hər bir ölkənin gündəliyində ən vacib məsələlər sırasında dayanır. Bu baxımdan Qlobal Bakı Forumu beynəlxalq təhlükəsizliyə töhfə vermək baxımından mühüm platformalardan biri hesab edilir. Sözsüz ki, ki, Cənubi Qafqazda təhlükəsizliklə bağlı məsələlər 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi, beynəlxalq hüququn bərpa olunması və xalqımızın milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. Azərbaycan Cənubi Qafqazda sülh, əmin-amanlıq və davamlı inkişaf görmək istəyir. Mövcud reallıq regionun gələcək inkişafı üçün nadir fürsətdir. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində ardıcıl və dinamik iş aparır”.

Tamam Cəfərova hesab edir ki, Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün Ermənistan tərəfinin üçtərəfli Bəyanatın şərtlərini sona qədər yerinə yetirməsi olduqca önəmlidir: “Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış üçtərəfli Bəyanata əməl etməlidir. Məlum olduğu kimi keçən ay Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası sərhəddə baş tutub. Əlbəttə, hər iki tərəfin sərhəddə görüşməsi rəmzi məna daşıyırdı. Bu, həmçinin sülh prosesində irəliləyişin olacağına dair mühüm mesaj idi. Azərbaycan tərəfi Üçtərəfli Bəyanatın şərtlərinə tam əməl edir və Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə götürdüyü öhdəliyi həyata keçirir. Lakin, Bəyanatın imzalanmasından bir il yarım keçməsinə baxmayaraq, azərbaycanlılar Ermənistan ərazisindən keçən yoldan, yəni, Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: "Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu”. Ermənistanın vaxtı udmağa çalışmaq cəhdləri onların ideoloji bazasını tamamilə məhv etdi və kapitulyasiya aktını imzalanması ilə nəticələndi. Bu baxımdan II Qarabağ müharibəsi Ermənistan və oradakı revanşistlər üçün tarixi bir dərsdir”.

Deputatın fikrincə, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda regional sülhün fundamental elementlərindəndir: “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”.