Bu il aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, bizim dırnaqarası fransız və amerikalı tərəfdaşlarımız ATƏT-in Minsk qrupunun üç həmsədrliyini ləğv edərək bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildiriblər. Aprelin 14-də isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayevin yeni, yəni Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi vəzifəsində öz işini davam etdirəcəyini açıqladı.

S.Lavrovun bəyanatından sonra ATƏT-in Minsk qrupunun fransalı (Bris Rokfeyl) və amerikalı (Endryu Şofer) həmsədrləri ayrı-ayrılıqda İrəvana səfər ediblər. Və ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun yaşayıb-yaşamadığı bəlli olmasa da biz Teleqraf.com olaraq qrupun özünün və həmsədrliyinin yaranma tarixini xatırlatmaq qərarına gəldik.

1. Niyə “Minsk qrupu” adlanır?

Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis olan britaniyalı jurnalist Tomas de Vaal 2003-cü ildə çap olunan “Qara bağ: Azərbaycan və Ermənistan sülh və savaş yollarında” kitabında yazır:

“1992-ci ildə həmin vaxt 49 üzv dövlətin iştirak etdiyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) münaqişəyə böyük maraq göstərməyə başladı. Şahidlərdən birinin sözlərinə görə, ATƏM missiyası 1992-ci ildə demək olar ki, təsadüfən yaradılıb. 1992-ci il yanvarın 30-da Praqada keçirilən görüşlərdən birinin sonunda keçmiş sovet respublikalarının əksəriyyəti Müşavirəyə qoşulub. Görüş başa çatırdı ki, Britaniya nümayəndəsi toplaşanların diqqətini iki yeni üzv olan Ermənistan və Azərbaycan arasında müharibənin getdiyinə və ATƏM-in tədbir görməyə borclu olduğuna çəkib. Vəziyyətlə yerindəcə tanış olmaq üçün regiona missiya göndərilməsi barədə qərar qəbul edilib. Təşkilatın martın 24-də keçirilən növbəti iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh konfransının çağırılması qərara alınıb. Gözlənilmədən Belarus nümayəndəsi onun Minskdə keçirilməsini təklif edib. Heç kim etiraz etməyib. Ermənistan, Azərbaycan və ATƏM-ə üzv olan 9 dövlət Dağlıq Qarabağın “seçilmiş” və “digər” nümayəndələri ilə (bu formulasiya həm Qarabağ ermənilərini, həm də azərbaycanlıları nəzərdə tuturdu) birgə iclasda iştirak etməyə razılaşıblar. “Minsk konfransı” ideyası belə yarandı”.

Görüş hərbi əməliyyatların eskalasiyası səbəbindən baş tutmasa da onu adı saxlanılır. Minsk konfransı Minsk qrupuna çevrilir, onun ilk həmsədri italyan diplomat Mario Rafael olur və qrupun ilk iclası Minskdə deyil, 1-5 iyun 1992-ci ildə Romada baş tutur.

2. Minsk qrupuna hansı ölkələr daxildir?

Ermənistan, Azərbaycan, ABŞ, Fransa, Rusiya, Belarus, Almaniya, İtaliya, Türkiyə, İsveç, Çexoslovakiya (sonra Finlandiya). ATƏT üçlüyü də rotasiya əsasında Minsk qrupunun daimi üzvüdür. Onun tərkibinə ATƏT-in keçmiş, indiki və gələcək fəaliyyətdə olan sədri daxildir.

Həmçinin, Minsk qrupuna hansı dövlətlərin daxil olması ilə bağlı da kəskin diplomatik mübarizə gedib. Ermənistan tərəfi xüsusən sözsüz ki, Azərbaycanın tərəfində olan Türkiyənin işə cəlb olunmasının əleyhinə idi. Öz növbəsində Bakı da Fransa və İtaliyanı qrupda görmək istəməyib. Onların əvəzində Böyük Britaniyanın namizədliyini təklif edib.

3. ABŞ, Rusiya və Fransanı təmsil edən Minsk qrupu həmsədrliyi nə vaxt formalaşdırılıb?

Əvvəlcə ATƏM/ATƏT-in fəaliyyətdə olan sədri Minsk qrupunda əsas rol oynayırdı. 1993-cü ildə Minsk qrupunun həmsədri İtaliyadan Mario Rafael, 1994-cü ildə isə İsveçdən Yan Eliasson olub. Rusiyalı diplomat (sonralar Minsk qrupunun ermənipərəst həmsədri) Vladimir Kazimirovun sözlərinə görə, regionda daha aktiv ABŞ səfiri Con Mareska olub: “Türklər də fəal idi, onlar Azərbaycanı birmənalı şəkildə dəstəkləyirdilər”.

1994-cü ildə ATƏT-in Budapeşt sammitində Minsk qrupu həmsədrliyi institutu yaradılıb.

ABŞ, Fransa və Rusiyanın təmsil edən həmsədrlik institutu isə 14 fevral 1997-ci ildə qurulub.

4. Minsk Qrupunun mandatı nədən ibarətdir?

Maraqlıdır ki, həmsədrlərin mandatı var, lakin ATƏT institutu kimi Minsk qrupunun mandatı yoxdur. Vladimir Kazimirov özünün “Qarabağa sülh” kitabında yazır: “Çoxları Minsk qrupunun yaradılması ilə bağlı ATƏT-in qərarının olmadığını və onun mandatının olmadığını bilmədən Minsk qrupunu reallıq hesab edir. Həmsədrlərin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatları təsdiqlənib, lakin Minsk qrupu belə mandata malik deyil. Qrupdan ancaq məcazi mənada danışmaq olar”.

ATƏT-in rəsmi saytının “ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı” bölməsində deyilir: “Budapeşt konfransının 23 mart 1995-ci il tarixli qərarına əsasən, ATƏT-in fəaliyyətdə olan sədri Minsk qrupunun həmsədrlərinə danışıqlar prosesini təmin etməyi və münaqişənin həlli üçün müvafiq əsasların yaradılmasını, Minsk konfransının çağrılması ilə bağlı tərəflərin razılığını əldə etməyi və sülh prosesini dəstəkləməyi həvalə edir. Bütün bu addımlar atılarsa, Minsk prosesini uğurlu hesab etmək olar”.

Mandat həmsədrlərin münaqişənin “tam bərabərlik və qərəzsizlik” prinsipləri əsasında həlli üçün atmalı olduğu 15 addım və hərəkəti əks etdirir.

5. ATƏT-in Minsk qrupunun həmsədrləri hansı təkliflərlə çıxış ediblər?

1997-ci ilin iyulunda tərəflərə “paket” adlandırılan variant, həmin ilin dekabrında isə “mərhələli” həll variantı təklif olunub. Sonuncu dəfə həmsədrlər 1998-ci ilin noyabrında “ümumi dövlət” ideyası ilə çıxış ediblər.

3-6 aprel 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərində prezidentlər Heydər Əliyev Robert Köçəryan və Heydər Əliyevin görüşü baş tutub, ondan əvvəl Parisdə prezident Jak Şirakın iştirakı ilə iki raund danışıqlar aparılıb.

2004-2005-ci illərdə Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin “Praqa prosesi” adlandırılan proses çərçivəsində 10-a yaxın görüşü baş tutub. Bu danışıqların nəticəsi olaraq “mərhələli” və “paket” variantlarının elementlərini özündə əks etdirən sənəd doğuldu. Yeni təklifin əsasında Dağlıq Qarabağda referendumun keçirilməsi ideyası dayanırdı.

2007-ci ilin noyabrında vasitəçilər məzmunu 2009-cu ildə qismən dərc edilmiş Madrid prinsipləri ilə çıxış etdilər. Madrid prinsiplərinin qismən məzmunu həmin ilin iyulun 10-da İtaliyanın Akvil şəhərində Minsk qrupu həmsədr ölkələrinin prezidentləri – ABŞ Prezidenti Barak Obama, Fransa Prezidenti Nikola Sarkozi və Rusiya Prezidenti Dmitri Medvedyev birgə bəyanatında açıqlanıb.