Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə keçirilən üçtərəfli görüş Azərbaycanın növbəti diplomatik uğuru kimi yadda qaldı. Azərbaycanın müzəffər lideri İlham Əliyev həmişəki kimi təmkinli, özünə inamlı və qürurlu idi. Hər kəs gördü ki, Brüssel görüşündə masada olan Azərbaycanın təklifləridir. Görüşün formasını da, mahiyyətini də, tonunu da Azərbaycan diqtə edir.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin irəli sürdüyü baza prinsiplərinə əsaslanan 5 təklif Brüssel müzakirələrinin gündəmi oldu: “Əsas razılaşmalar da bu istiqamətdə əldə edildi. Sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün işçi qruplarının tezliklə yaradılması, kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması istiqamətində razılaşmanın əldə edilməsi kimi məsələlərdə irəliləyişə nail olunub. Suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması təklifinə Ermənistan tərəfin etiraz etməməsi, danışıqlar zamanı "Dağlıq Qarabağ", "status", " Minsk qrupu" ifadələrinin ümumiyyətlə işlədilməməsi də xüsusi diqqət çəkən məqamlardan oldu”.
Millət vəkilinə görə, Brüssel görüşünün əsas nəticələrindən biri odur ki, bölgədə davamlı sülh prosesi üçün getdikcə möhkəmlənən etimad mühiti yaranmaqdadır: “Rusiya ilə yanaşı Avropa İttifaqı da Azərbaycanın ədalətli qələbəsini qəbul edir və münaqişənin həllinin son mərhələsinə öz töhfələrini vermək istəyir. Eyni zamanda Ermənistan baş nazirinin Azərbaycanın təkliflərinə açıq mətnlə etiraz etməməsi də diqqətdən qaçmamalıdırş Bu fakt artıq Paşinyanın və erməni ictimaiyyətinin reallıqla barışmaq məcburiyyətində olduğunun göstəricisi kimi qiymətləndirilməlidir”.
Musa Quliyev hesab edir ki, Brüssel görüşü İrəvandakı revanşistlərə və Xankəndidəki separatçı tör-töküntülərinə çox sərt, həm də sonuncu xəbərdarlıq oldu: “Bölgədə ab-havanı Azərbaycan müəyyən edir. Onların sabahkı aqibəti davranışlarından asılı olacaq. Ona görə də, davranışlarını bölgənin lideri cənab İlham Əliyevin addımlarının ritminə uyğunlaşdırmağa məcburdurlar. Çünki gələcək əmin-amanlıqları və rahatlıqları Azərbaycan bayrağının kölgəsində olacaq. Bu torpaqlarda bundan sonra başlarını yuxarı qaldıranda bayraqlarımızı və Bayraqdarlarımızı görməyə alışmaqdan başqa yolunuz yoxdur”.
Komitə sədrinə fikrincə, Brüssel müzakirələri həm də onu göstərdi ki, Avropa hələ azərbaycanca danışa bilmir, amma azərbaycancanı eşidir, başa düşməyə, dərk etməyə çalışır: “Üçtərəfli görüşdən sonrakı brifinqdə Şarl Mişelin "artıq davamlı sülh prosesi başlayıb", dediyini eşidəndə sövqlə təbii böyük şairimizin sözləri yadıma düşdü:
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi
Qarabağın şikəstəsi...”.