Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüş mühüm mesajların verilməsi ilə yadda qaldı. Bu görüşə qədər olan dövrdə Azərbaycan konstruktiv mövqe nümayiş etdirərək Ermənistana münasibətlərin normallaşdırılmasına hesablanmış 5 bəndən ibarət sənəd təqdim edib. Ermənistan isə daha çox təxribatlar törədərək Azərbaycanı beynəlxalq qurumlara şikayət yolu seçmişdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, aprelin 5-də İrəvanda müxalifətin mitinqi Brüssel görüşü ərəfəsində Paşinyan hakimiyyəti tərəfindən təşkil edilmiş növbəti tamaşa idi: “Burada belə bir haqlı sual yaranır. Niyə bu mitinqlər bu günə kimi keçirilmirdi? Sözügedən mitinq nə üçün Brüssel görüşündən bir gün əvvəl baş tutdu? Ermənistan hakimiyyəti kimin başını aldatmaq istəyirdi? Heç şübhəsiz ki, bu mitinqlər ictimai rəyə əsaslanaraq danışıqlar zamanı Paşinayanın özünü mümkün ssenarilərdən sığortalaması məqsədi daşıyırdı. Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini durdurmaq və zaman udmaq üçün bu kimi metodlardan geniş istifadə olunub. Bu, bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqlar prosesini pozmaq, sülh müqaviləsini imzalamaqdan imtina etməkdir. Bu yanaşma artıq Ermənistanın dövlət siyasətinə çevrilib”.
Millət vəkilinə görə, Brüssel görüşü bir daha göstərdi ki, Paşinyan və Qərbdəki havadarları Qarabağ probleminin həll olunduğunu, geriyə yolun olmadığını, əlavə şərtlər irəli sürmək cəhdlərinin səmərəsiz olacağının fərqindədir: “Gec-tez sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində işə başlanılacaq. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır. Azərbaycan heç zaman öz haqlı mövqeyindən bir addım da geri çəkilməyəcək. Paşinyan bilməlidir ki, bütün müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman "Dəmir yumruq" yenidən işə düşə bilər. Ona görə də, Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxarmalıdır”.
Ceyhun Məmmədov hesab edir ki, Ermənistanın Brüssel görüşünə bəslədiyi növbəti ümidi də puça çıxdı: “Həm görüşlərdə, həm də Avropa Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında Azərbaycanın mövqeyini dəstəkləyən fikirlər səsləndirildi. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq platformada Azərbaycan növbəti dəfə mövqeyini daha da gücləndirdi. Ermənistan isə bütün cəhdlərə və təxribatlara baxmayaraq növbəti zərbəni aldı”.