Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, Azərbaycanın təkliflərinə erməni tərəfinin müsbət mesajları var. Bunun fonunda sizcə, sülhün əldə olunması üçün qarşı tərəfin sona qədər səmimi olacağı gözlənilirmi?

- 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan münaqişənin dinc yollarla həlli ilə bağlı fikir bildirsə də, bu istiqamətdə heç bir addım atmayıb. Əksinə Ermənistan bütün hallarda bu prosesin qarşısını almağa çalışıb. İndiki halda da Ermənistanın baş naziri, xarici işlər naziri, həm də parlament sədri Azərbaycanın təklifləri ilə razı olduqlarını açıqlayır. Yekun sülh sazişini imzalamağa meyilli görünməyə çalışır. Amma bu, tanıdığımız Ermənistanın, belə rahatlıqla yekun sülh sazişi imzalacayacağına ümidlər azdır. Bizə bəlli olan Ermənistan obrazı yaxın zamanda yekun sülh sazişinin imzalanacağı ilə bağlı nikbin düşünməyə əsas vermir.

- Təmaslar prosesə necə təsir edə bilər?

- Prezidentin İlham Əliyevin hər bir təması, görüşü əhəmiyyətli və təsirlidir. Bu görüşlərlə nümayiş etdirilir ki, bütövlükdə regionda təhlükəsizliyin, sülhün təmin olunması üçün yeni əməkdaşlıq imkanlarının yaradılması naminə Azərbaycan hər zaman təşəbbüslərlə çıxış edir. Azərbaycan yenə də özünün sülhsevər, əməkdaşlığı dəstəkləyən dövlət obrazını nümayiş etdirir. Bu praktik addımlarla da möhkəmləndirilir.

- ATƏT sədri Azərbaycandan sonra Ermənistana da səfər etdi. Verilən mesajlar haqqında ümumi düşüncələr nədən ibarətdir?

- ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistana səfəri zamanı Nikol Paşinyanın səsləndirdiyi fikirlərlə, yekun sülh sazişini imzalamağa hazırıq deməsi arasında kifayət qədər ciddi paradoksun olduğu müşahidə edilir. İlk növbədə Paşinyanın başlıca istəyi odur ki, nə baş verirsə, ATƏT-in Minsk qrupu platformasında baş versin. Amma ATƏT-in Minsk qrupunun fəaliyyəti ortaya heç bir müsbət təcrübə qoymayıb. Təşkilatın son 30 ilə yaxın belə bir müsbət təcrübəsi yoxdur. Ona görə də bu yanaşmalar yekun sülhlə bağlı çox da nikbin düşünməyə imkan vermir. ATƏT-in Minsk qrupunun Azərbaycan cəmiyyətində formalaşmış obrazı odur ki, bu inistitut mövqeyi və davranışları ilə status-kvo vəziyyətinin saxlanılmasına xidmət edib.

- Həmsədlərin Azərbaycana yanaşmada olan ikili mövqeyi nədən qaynaqlanır?

- Minsk qrupunun həmsədri olan ABŞ Konqresi bir neçə gün öncə Qarabağdakı qondarma rejimin adını istifadə etməklə hümanitar mina təmizləmə əməliyyatları üçün 2 milyon dollar yardım ayırıb. Azərbaycanın ərazisində qondarma rejimə 2 milyon dollar həcmində yardım ayırmaq suveren dövlətin hüquqlarını açıq şəkildə pozmaq deməkdir. Eyni zamanda Paşinyan Fransada səfərdə olan zaman yenə də hansısa “status” məsələsindən danışmağa cəhd etdi. Hətta mümkün qədər Minsk qrupunun reabilitasiyasından danışdı. Sözsüz ki, bütün bunlar bir görüş sonrası yekun sülh sazişi istiqamətində təsirli addımların atılacağı ilə bağlı şübhələr yaradır.

- Yekun sülhə nail olmaq üçün başlıca şərtləri nədə görürsünüz?

- Yekun sülh sazişinin bağlanmasını təmin edəcək şərtlərə əməl edilməsini görməliyik. Ötən ilin dekabr ayının 14-də Prezident İlham Əliyevin Paşinyanla görüşü zamanı Ermənistan tərəfi Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasına razı olduğunu, hətta bu məqsədlə işçi qrupunun yaradılacağına da söz vermişdi. Amma biz bu günə kimi Ermənistan tərəfindən bu addımın atıldığını görmədik. Bundan sonra da Ermənistan təxribatlarını davam etdirib. Bütün bunlar yekun sülh sazişinin əlamətləri, onun imzalanacağına dəlalət edəcək əlamətlər Ermənistan tərəfindən müşahidə edilmir. Azərbaycan tərəfi Ermənistana 5 bəndlik bir təklif irəli sürdü. Ölkəmiz 2020-ci il tarixli 10 noyabr Bəyanatının şərtlərinə uyğun mövqe nümayiş etdirdi. Bu şərtlərə dəqiqliklə uyğun, praktiki addımlar atdı. Yeni əməkdaşlıq platforması təşəbbüsü ilə çıxış etdi. Yəni Azərbaycan bütün addımları, davranışları, bəyanatları ilə təhlükəsizliyin təmin olunması istiqamətində çalışan, sülh tərəfdarı olan bir dövlət olduğunu nümayiş etdirir. Amma yenə də ölkəmizə qarşı münasibətdə ədalətsiz bir mövqeni müşahidə etməkdəyik.

Məsələn, Fərrux kəndi ilə bağlı Avropa, ABŞ-da aşkar şəkildə Azərbaycana münasibətdə hədə dolu münasibətləri eşitdik. Dünyanın başqa nöqtələrində dövlətlərin ərazi bütövlüyü, suverenliyi dəstəklənir. Azərbaycan isə BMT-yə daxil olduğu sərhədlər çərçivəsində hər hansı bir addım atdığı halda ədalətsiz, əsassız qınağa səbəb olur. Bütün bunların fonunda Brüssel görüşü Azərbaycanın mövqelərinin təqdim olunması baxımından çox əhəmiyyətlidir. Çünki Brüssel özü təsirli bir platformadır. Bu, Azərbaycanın sülhsevər, əməkdaşlığı dəstəkləyən dövlət obrazını daha da möhkəmləndirəcək.