“Qarabağda yaşayanlar erməni əsilli Azərbaycan vətəndaşlarıdır, amma indi onlar Ermənistan pasportları daşıyırlar. Həmin ermənilər Rusiyanın Ermənistandakı səfirliyinə müraciət edərək müəyyən prosedurları keçdikdən sonra rus pasportları ala bilərlər. Amma bu, Rusiyanın Qarabağ ermənilərinə pasport paylaması anlamına gəlmir”.
Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ukraynanın Krım bölgəsinin ilhaq edilməsindən 7 il ötür. Ukrayna hökuməti bu ərəfədə Krımın azad edilməsi üçün beynəlxalq platforma qurmağa çalışır. Sizcə, Kiyevin bu səyləri nəticə verəcəkmi, Krımın gələcəkdə azad edilməsi ehtimalı nə qədərdir?
- Belə bir ehtimal çox azdır. Donbasın Ukraynaya qaytarılması ilə bağlı müəyyən fikirlər səsləndirə bilərik, amma Krım çətindir. Gedişat və təcrübə göstərir ki, bu cür məsələlər ümumiyyətlə öz həllini tapmır. Rusiya ilə bağlı olan və onun maraqlarının əks edildiyi bu kimi problemlərin həlli perspektivi görünmür. Bu durum ən azı indiki situasiyada belədir. Məsələn, Rusiyanın iştirak etdiyi hansı münaqişə həllini tapıb? Məsələn, nə Dnestryanı, nə Abxaziya, nə də Cənubi Osetiya münaqişələri çözülüb. Halbuki həmin ərazilər Rusiyaya birləşdirilməyib, amma bu məsələləri həll etmək mümkün olmur. Qaldı Rusiyanın özünə birləşdirdiyi ərazinin qaytarılmasına, bunun perspektivi görünmür. Yəni, bu platforma Ukraynaya nə verəcək?
- Bəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi niyə həllini tapdı? Halbuki Rusiya bu münaqişədə də iştirakçıdır.
- Rusiya birbaşa iştirakçı deyildi. Məsələn, Dnestryanı bölgədə Rusiya qoşunları yerləşdirilib. Eyni zamanda, həmin bölgədə yaşayan insanlar Rusiya pasportları alıblar. Abxaziya və Cənubi Osetiyada da eyni vəziyyətdir. Yəni, bu münaqişələrdə Rusiya birbaşa iştirak edir. Ermənistan-Azərbaycan münaqişəsində isə Rusiya dolayı yolla iştirakçıdır. Buna görə də, problem həll oluna bilir. Düzdür, burada da Rusiya sülhməramlılarının yeri müəyyən edilib, amma bütün hallarda burada birbaşa iştirak etmir. Digər bölgələrdə isə rus qoşunlarının yerləşdirilməsi ilə yanaşı, onların Rusiya vətəndaşları olması təzyiq vasitəsi kimi istifadə olunur. Bizim məsələmiz digər problemlərdən bir qədər fərqlidir.
- Adlarını çəkdiyiniz münaqişə bölgələrində yaşayanlara Rusiya pasportlarının paylanılması məsələsinə diqqət çəkdiniz. Bəzi hallarda yerli və Ermənistan mətbuatında Qarabağdakı erməni separatçılarına da belə pasportların paylanacağı ilə bağlı iddialar ortaya atılır. Rusiya bunda maraqlı ola bilərmi?
- Rusiyanın buna gedəcəyini düşünmürəm. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bununla bağlı bir neçə açıqlaması olub. O dedi ki, Rusiya bu məsələdə maraqlı deyil. Burada başqa bir məsələ diqqət çəkir. Qarabağda yaşayanlar erməni əsilli Azərbaycan vətəndaşlarıdır, amma indi onlar Ermənistan pasportları daşıyırlar. Həmin ermənilər Rusiyanın Ermənistandakı səfirliyinə müraciət edərək, müəyyən prosedurları keçdikdən sonra rus pasportları ala bilərlər. Amma bu, Rusiyanın Qarabağ ermənilərinə pasport paylaması anlamına gəlmir. Məsələn, Abxaziya və Cənubi Osetiyada yaşayanlar üçün belə pasportlar paylanılıb, amma Qarabağla bağlı belə bir hal yoxdur.
Yeri gəlmişkən, demək lazımdır ki, Ermənistanın öz vətəndaşları kütləvi şəkildə Rusiya pasportları alırlar. Bu pasportları aldıqdan sonra Rusiyada yaşamaq üçün ölkədən gedirlər. Bu, Qarabağda yaşayan ermənilərə də şamil oluna bilər. Ermənistan KİV-i bunu başqa cür təqdim edə bilər. İddia edə bilərlər ki, guya Rusiya ermənilərə kütləvi şəkildə öz pasportlarını paylayır. Bu, belə deyil. Hesab edirəm ki, Rusiya Qarabağda bu addımı atmayacaq və sonra da deməyəcək ki, mən öz vətəndaşlarımın hüquqlarını müdafiə edəcəyəm. Bu baxımdan, Qarabağ digər münaqişəli bölgələrdən fərqlidir.
- Bəs Donbasla bağlı fikriniz nədir? Son günlərdə bu istiqamətdə atəşkəs rejiminin tez-tez pozulması halları yaşanır. Ekspertlər, bir sıra hallarda isə ukraynalı rəsmilərin dilindən yaz aylarında qarşıdurmanın başlayacağı ilə bağlı fikirlər səsləndirilir.
- Burada yalnız mövqe savaşından danışa bilərik. Donbasda baş verənləri bu illər ərzində Qarabağda gedən mövqe savaşına bənzədirəm. Ukrayna reallığında bu münaqişə ara-sıra qızışa, tərəflər hansısa mövqeləri ələ keçirə, sonra geri çəkilə bilərlər. Vəziyyət təxminən belədir. Amma Donbasda açıq müharibənin baş verəcəyini demək çətindir. Çünki Donbasdakı separatçılar güclü kanallarla Rusiya hərbi qüvvələrinə bağlıdırlar. Yəni onların əməliyyatlarında rusiyalı hərbçilər iştirak edə bilərlər. Bu da Ukraynanın xeyrinə deyil. Düşünmürəm ki, müharibə başlasa, Ukrayna təkbaşına bunun öhdəsindən gələ biləcək.